Xidmət sədri: Mil-Muğan ölkənin əsas pambıqçılıq regionlarından biridir VİDEO
Saatlı, 23 iyun, AZƏRTAC
Mil-Muğan iqtisadi rayonu ölkəmizin sosial-iqtisadi inkişafında xüsusi əhəmiyyətə malik olan regiondur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev Saatlı rayonunda keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə keçirilən müşavirədə səsləndirib.
Zakir Quliyev bildirib ki, bu iqtisadi rayon ənənəvi olaraq pambıqçılıq, taxılçılıq, heyvandarlıq, yem bitkiləri və həyətyanı təsərrüfatlar üzrə ölkənin əsas istehsal imkanları ilə seçilən regionlardan biridir.
Onun sözlərinə görə, Mil-Muğan iqtisadi rayonuna daxil olan Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının əlverişli iqlim və münbit torpaq şəraitinə malik olması həmin bölgələrin respublikanın əsas pambıqçılıq regionu kimi formalaşmasında mühüm rol oynayan əsas amillərdir.
Qeyd olunub ki, ölkənin ümumi 1 milyon 430 min hektar suvarılan sahələrinin 240434 hektarı və respublika üzrə əkin aparılmış pambıq sahələrinin 37 faizi Mil-Muğan iqtisadi rayonunda yerləşir.
Müxbir - Aydın Yavərzadə