Zakir Quliyev: Mil-Muğan iqtisadi rayonunda 77,5 min kənd təsərrüfatı istehsalçısı su ilə təmin olunur VİDEO
Saatlı, 23 iyun, AZƏRTAC
Mil-Muğan iqtisadi rayonunda kənd təsərrüfatı istehsalçılarının dayanıqlı su təminatı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev Saatlı rayonunda keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə keçirilən müşavirədə səsləndirib.
Zakir Quliyev bildirib ki, ötən il suvarılan sahələrin suvarma suyu ilə təmin edilməsi məqsədilə mənbələrdən 2 milyard 26 milyon kubmetr su götürülüb və təsərrüfatlara 1 milyard 427 milyon kubmetr su verilib.
O qeyd edib ki, bu rayonlar üzrə təxminən 77,5 min kənd təsərrüfatı istehsalçısı suvarma və digər məqsədlər üçün su ilə təmin olunub və hazırda da su təminatı davam etdirilir.
Zakir Quliyev əlavə edib ki, həyata keçirilən tədbirlər nəticəsində suvarma sistemlərinin etibarlılığı artır, su itkiləri azalır və fermerlərin su təminatı daha dayanıqlı xarakter alır.
Müxbir - Aydın Yavərzadə