Səfir: Kiçik ada dövlətləri üçün Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə aparıcı qüvvələrdən biridir VİDEO
London, 23 iyun, AZƏRTAC
Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim dəyişikliyi ilə mübarizədə aparıcı qüvvələrdən biridir.
Bu fikri AZƏRTAC-a eksklüziv açıqlamasında Antiqua və Barbudanın Böyük Britaniyadakı səfiri Karen Mae Hill bildirib.
Karen Mae Hill qeyd edib ki, kiçik ada dövlətləri iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan ölkələr olsalar da, bu problemlərin yaranmasında ən az paya sahibdirlər və onların aradan qaldırılması üçün kifayət qədər resursları yoxdur.
“Biz böyük iqtisadi və ya hərbi güc deyilik. Dünya resurslarının böyük hissəsinə nəzarət etmirik. Lakin iqlim dəyişikliyinin ən ağır nəticələrini yaşayan ölkələr sırasındayıq”, – deyə səfir bildirib.
Karen Mae Hill Azərbaycanın inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstəyinin COP29-la məhdudlaşmadığını vurğulayaraq bildirib ki, ölkə Qoşulmama Hərəkatına sədrliyi dövründə də kiçik ada dövlətlərini dəstəkləyib, təqaüd və təhsil proqramları həyata keçirib. O əlavə edib ki, Azərbaycanın inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə əməkdaşlığı ardıcıl xarakter daşıyır və onların səsinin beynəlxalq səviyyədə eşidilməsinə töhfə verir.