Çarlz Vudli: Müxtəlif xalqların bir araya gələrək ortaq problemləri müzakirə etməsi böyük əhəmiyyət daşıyır VİDEO
Vaşinqton, 25 iyun, AZƏRTAC
Bu gün çıxışımda çatdırmağa çalışdığım əsas fikir burada təmsil olunan xalqların, xüsusilə də Azərbaycan xalqının yaşadığı təcrübələrlə bizim xalqın qarşılaşdığı problemlər arasında mövcud olan oxşarlıqlar idi.
Biz də Niderlandın müstəmləkəçilik siyasətinin yaratdığı çətinliklərlə üz-üzəyik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Sent Martinin keçmiş hökumət komissarı və Tərəqqipərvər Əmək Partiyasının üzvü Çarlz Vudli deyib. O bildirib ki, Bakı Təşəbbüs Qrupunun Konqres binasında keçirdiyi tədbirdə çatdırmaq istədiyi əsas fikir təmsil olunan xalqların, xüsusilə də Azərbaycan xalqının yaşadığı təcrübələrlə Sent-Martin xalqının qarşılaşdığı problemlər arasında mövcud olan oxşarlıqlar idi.
“Ən böyük oxşarlıq isə ikili standartların tətbiq edilməsində özünü göstərir. BMT-nin dekolonizasiya ilə bağlı prinsipləri və beynəlxalq müqavilələr mövcud olsa da, suveren xalqımızın hüquqları bu sənədlərə uyğun şəkildə hər zaman təmin edilmir. Məhz bu səbəbdən müxtəlif xalqların bir araya gələrək ortaq problemləri müzakirə etməsi böyük əhəmiyyət daşıyır. Ümid edirəm ki, yaxın gələcəkdə dekolonizasiya ilə bağlı məsələlərdə bizim mövqeyimizi müdafiə edəcək və ya işimizi dəstəkləyəcək daha çox ölkə olacaq. Hesab edirəm ki, belə müzakirələrin təşkili və bu qədər insanın eyni platformada bir araya gəlməsi olduqca vacibdir. Bu konfransın yüksək səviyyədə təşkil olunması onu göstərir ki, Azərbaycan bu məsələlərə ciddi yanaşır. Biz də öz növbəmizdə ədalətli, demokratik və müstəmləkəçilikdən azad bir idarəetmə sistemi şəraitində yaşamaq və azadlığı tam şəkildə hiss etmək istəyirik”, - deyə o əlavə edib.