Vətən Müharibəsi Qəhrəmanının qızı: Yay düşərgələri fərdi inkişafımıza böyük töhfə verir VİDEO
Berlin, 3 iyul, AZƏRTAC
“Əmanətə sədaqət” yay düşərgələrində ikinci dəfədir iştirak edirəm. Keçən il Avstriyadakı düşərgədə də olmuşdum. Bu düşərgələrin təşkili bizim həm dünyagörüşümüzün artırılmasına, həm də fərdi inkişafımıza böyük töhfə verir.
Bunu AZƏRTAC-a müsahibəsində Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Ramiz Cəfərovun qızı, Xəzər Universitetinin tələbəsi Nərgiz Cəfərova deyib.
Şəhid övladları üçün “Əmanətə sədaqət” Almaniya yay düşərgəsi çərçivəsində bir sıra təhsil müəssisələrini ziyarət edəcəklərini, görməli yerlərlə tanış olacaqlarını bildirən Nərgiz Cəfərova qeyd edib: “Proqram çərçivəsində Almaniyanın aparıcı universitetlərini ziyarət edir, görməli yerləri ilə tanış olur, səfirliyin əməkdaşları və diasporumuzun fəalları ilə görüşürük. Görüşlərdə bizə Almaniyanın tarixi, mədəniyyəti və burada baş verən mühüm hadisələr barədə ətraflı məlumatlar verilir. Bütün bunlar bizim üçün çox faydalıdır”.
Qeyd edək ki, Azərbaycanın Almaniyadakı səfirliyinin, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin, “Azərbaycan Hava Yolları” QSC-nin, Azərbaycan Diasporuna Dəstək Fondunun və “Azərlotereya” ASC-nin birgə təşkilatçılığı ilə Berlində şəhid övladları üçün “Əmanətə sədaqət” Almaniya yay düşərgəsinin açılış mərasimi keçirilib. İyulun 2-dən 9-dək davam edəcək layihə şəhid övladlarının bilik və dünyagörüşünün artırılması, onların beynəlxalq mühitlə yaxından tanış olması, fərdi inkişafının dəstəklənməsi və tarixi-mədəni irs haqqında məlumatlarının zənginləşdirilməsi məqsədi daşıyır.