Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb VİDEO
Bakı, 24 sentyabr, AZƏRTAC
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” toxumçuluğun inkişafında keyfiyyətcə yeni mərhələ açır. Proqram hüquqi və institusional bazanın gücləndirilməsi, seleksiya işlərinin genişləndirilməsi və yeni seleksiya proqramlarının həyata keçirilməsi, keyfiyyətə nəzarətin tam rəqəmsallaşdırılması kimi kompleks tədbirləri nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Toxumçuluqda yeni dövr: Yerli toxum, etibarlı təminat” adlı konfransda çıxışı zamanı deyib.
“Dövlət proqramının prioritetlərinə uyğun olaraq yeni dəstək mexanizmləri tətbiq edilir. Belə ki, ilk dəfə olaraq super elit toxum əkilən sahələrə subsidiyalar artımla hesablanacaq, kənd təsərrüfatı texnikasının əldə olunmasında güzəşt faizi isə 50 faizədək yüksəldiləcək”, - deyə o əlavə edib.
Nazir qeyd edib ki, sertifikatlı toxum bazarının formalaşdırılması istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir. Əgər 2025-2026-cı əkin ilində əkin bəyanı zamanı buğda üzrə minimum 10 hektar, arpa üzrə 100 hektar sahə üçün sertifikatlaşdırılmış toxum tələbi qoyulmuşdusa, artan yerli istehsal həcmləri nəzərə alınaraq növbəti əkin ilində bu göstərici 5 hektara qədər azaldılıb.