FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər VİDEO
Bakı, 16 oktyabr, AZƏRTAC
Bu gün də qarşımızda duran çağırışlar olduqca böyükdür. 2025-ci ildə 645 milyon insan aclıqla üzləşib. Dünya əhalisinin təxminən üçdə biri, yəni hər üç nəfərdən biri sağlam qidalanmaq üçün maddi imkanlara malik olmayıb. Bu rəqəmlər bizə xatırladır ki, problem yalnız bilik və ya texnologiya çatışmazlığından ibarət deyil.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat 16 Oktyabr - Ümumdünya Qida Gününə həsr olunmuş "Bu gün innovasiya et, sabahın qidasını təmin et” adlı tədbirdə çıxış edərkən deyib.
"Biz artıq bir çox həll yollarına sahibik. Əsas çətinlik isə həmin həlləri onlara ən çox ehtiyacı olan insanlar üçün əlçatan, münasib qiymətli və inklüziv etməkdir. Azərbaycan üçün bu, daha mühüm və praktiki suallar doğurur. Fermerlər daha az resursdan istifadə etməklə necə daha çox məhsul istehsal edə bilərlər? Dəyişkən və çətin hava şəraitinə necə uyğunlaşa bilərlər? Əkinlərini necə qoruya, itkiləri necə azalda və istehsal etdikləri məhsullar üçün daha əlverişli bazarlar necə tapa bilərlər? İstər dəmyə əkinçiliyinin aparıldığı aran ərazilərində, istərsə də digər bölgələrin dik yamaclarında kənd təsərrüfatı Azərbaycanın həyatında mühüm yer tutur. Fermerlər bir sıra hallarda əlverişsiz şəraitdə çalışır və bir çox oxşar təzyiqlərlə üzləşirlər. Bunlara məhdud su ehtiyatları, istehsal xərclərinin artması və iqlim dəyişikliyinin təsirləri daxildir. İnnovasiyalar bu problemlərin həllinə kömək edə bilər. Suvarma sistemlərinin təkmilləşdirilməsi, hava şəraiti ilə bağlı məlumatların vaxtında təqdim olunması, əkinçilik təcrübələrinin yaxşılaşdırılması və təsərrüfatların müxtəlif risklərə davamlılığının artırılması əhəmiyyətli nəticələr verə bilər", - deyə o vurğulayıb.