Qüdrətli söz ustası Əli Kərim 40 ildən çoxdur xatirələrdə yaşayır
Bakı, 3 may (AZƏRTAC). Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış şair Əli Kərimin 80 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, AYB-in sədri, Xalq Yazıçısı Anar qüdrətli söz ustasının bənzərsiz yaradıcılığından söhbət açmış, onun cismən həyatda olmasa da, ölməz poeziyası ilə daim ürəklərdə yaşadığını bildirmişdir.
Əli Kərimin heç kimə oxşamadığını, özünəməxsus yaradıcılığı, həyata baxışı olduğunu vurğulayan birliyin katibi, Xalq Şairi Fikrət Qoca şairin orijinal ifadə tərzindən, fitri istedadından danışmışdır.
Bildirilmişdir ki, Əli Kərim 1931-ci il martın 22-də Göyçay şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində üç il təhsil almış, sonra Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutunda oxumağa göndərilmiş, buranı fərqlənmə diplomu ilə bitirmişdir.
Bədii yaradıcılığa 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində çap etdirdiyi “Təzə müəllim” şeri ilə gələn Əli Kərim əmək fəaliyyətinə “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi kimi başlamış, ömrünün sonunadək isə bu jurnalın poeziya şöbəsinə rəhbərlik etmişdir.
1957-ci ildə gənclərin və tələbələrin Moskvada keçirilmiş VI ümumdünya festivalında ədibin “İlk simfoniya” poeması mükafata layiq görülmüşdür.
1969-cu ildə Bakıda vəfat etmiş, Göyçayda dəfn olunmuş, orada büstü qoyulmuşdur.
Milli Məclisin deputatı, Xalq Şairi Sabir Rüstəmxanlı, “Azərbaycan” jurnalının baş redaktoru, yazıçı-publisist İntiqam Qasımzadə, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas-tənqidçi Vaqif Yusifli və başqaları bildirmişlər ki, Əli Kərim öz yaradıcılığı ilə ədəbiyyatımıza yeni ifadə vasitələri, novator düşüncə, səlis üslub gətirmişdir. Onun “Qızıl qanad”, “Qaytar ana borcunu”, “Səfərdən sonra”, “Qız və kəpənək”, “Mavi nəğmənin sahilində”, “Qayıt” və s. seirlərindəki orijinal deyim tərzi, lirik qəhrəmanın yaşadığı romantik duyğular hər zaman bu gözəl şairi xatirələrdə yaşadacaqdır.
Tədbirdə şairin həyat yoldaşı Elza Kərimin “Qanun” nəşriyyatında çapdan çıxmış “Nə xoşbəxt imişəm...” kitabının təqdimatı olmuşdur. Kitabda şairin şeir və poemaları toplanmışdır. Kitabın redaktoru və “ön söz”ün müəllifi İntiqam Qasımzadədir.
Sonda Elza Kərim ailəsi adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, Əli Kərim haqqında xatirələrini danışmış, onun vəfatından sonra da dostlarının həmişə şairin ailəsinə dəstək olduqlarını bildirmişdir.