İDMAN
UEFA Avropa Liqası: “Qarabağ” – “Monako” – 1:1 VİDEO
Bakı, 5 noyabr, Səxavət Quliyev, AZƏRTAC
Noyabrın 5-də futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin dördüncü turunda Azərbaycan çempionu “Qarabağ” Fransanın “Monako” klubu ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda “Qarabağ”ın heyətində meydana İbrahim Şehiç, Rəşad Sadıqov, Bədəvi Hüseynov, Maksim Medvedev, Ansi Aqoli, Qara Qarayev, Dani Kintana, Riçard Almeyda, Əfran İsmayılov, Əlharbi Əl-Jadeyaui və Samuel Armenteros çıxıblar.
“Monako”nun start heyətində isə Daniel Subaşiç, Fabinyu, Uollas, Rikardu Karvalo, Andrea Raci, Jeremi Tulalan, Bernardo Silva, Mario Paşaliç, Joau Mautinyu, Stefan Əl-Şaaravi və Lasina Traore yer alıblar.
Rumıniyalı baş hakim Kristian Balayın idarə etdiyi oyunun 6-cı dəqiqəsində “Qarabağ”ın futbolçusu Riçard Almeyda matçda hesabı açmağa çox yaxın olub. Ancaq Fransa təmsilçisinin xorvatiyalı qapıçısı Daniel Subaşiç komandasını qoldan xilas edə bilib. Dörd dəqiqə sonra Əfran İsmayılovun güclü zərbəsi qapının yanından keçib. Nəhayət, 39-cu dəqiqədə “Qarabağ”ın futbolçusu Rəşad Sadıqovun ötürməsini Samuel Armenteros qola çevirib -1:0. Oyunun ilk hissəsi bu hesabla başa çatıb.
İkinci hissəyə fəal başlayan Ağdam təmsilçisi rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaradıb. Oyunun 51-ci dəqiqəsində cərimə meydançası yaxınlığında “Qarabağ”ın futbolçusuna qarşı kobudluğa görə, Fransa komandasının oyunçusu Fabinuya sarı vərəqə göstərilib. Oyunun 67-ci dəqiqəsində “Qarabağ”ın hücumçusu Samuel Armeteros da sarı vərəqə ilə cəzalandırılıb. Görüşün 72-ci dəqiqəsində “Monako”nun futbolçusu İvan Kavaliero hesabı bərabərləşdirib. Oyunun qalan vaxtı qarşılıqlı hücumlar şəraitində keçsə də, hesab dəyişməyib.
Beləliklə, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Hazırda “Qarabağ” komandasının dörd oyundan sonra 4 xalı var. Həmyerlilərimiz qrup çərçivəsində daha iki oyun keçirəcəklər. Ağdam təmsilçisi noyabrın 26-da Bakıda İngiltərənin “Tottenhem”, dekabrın 10-da isə Brüsseldə Belçikanın “Anderlext” komandaları ilə qarşılaşacaq.
“Qarabağ”ın yer aldığı “J” qrupunda digər oyun Belçikada “Anderlext” və “Tottenhem” klubları arasında keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə 00:05-də başlayacaq.