İDMAN
“Olimpiya hərəkatı” proqramı çərçivəsində badminton üzrə təlim-məşq təşkil olunub VİDEO
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 25-də “Olimpiya hərəkatı” proqramı çərçivəsində finala vəsiqə qazanan məktəb komandalarının badminton üzrə təlim-məşqi keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Slavyan Universitetində keçirilən tədbir Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyi tərəfindən təşkil olunub.
Təlim-məşqlər idmanın bu növü üzrə Bakı birinciliyinin final mərhələsinə vəsiqə qazanan 12 rayon komandasının yarışa hazırlığına dəstək məqsədi daşıyıb. Tədbir Azərbaycan Badminton Federasiyasının (ABF) baş məşqçisi Cavanşir Əlizadənin iştirakı ilə keçirilib. Məktəblilərdə bu idman növünə marağı artırmaq məqsədilə təlim-məşqə yeniyetmələrdən ibarət milli komandanın üzvləri də qatılıblar.
Əvvəlcə komandalar arasında yarışlar təşkil olunub. Yarışı izləyən ABF-nin nümayəndələri gənc badmintonçulara tövsiyələrini veriblər.
Daha sonra yeniyetmələrdən ibarət milli komandanın üzvləri uşaqlara nümunəvi oyun təqdim ediblər.
Tədbirin əhəmiyyətini yüksək qiymətləndirən “Təhsil” Respublika İdman Məktəbinin direktoru Natiq Lahıcov proqramın 50 mindən artıq məktəblini əhatə etdiyini diqqətə çatdırıb. O bildirib ki, yanvarın 27-də atletika, iki gün sonra isə velosiped idmanı üzrə təlim-məşqlər təşkil olunacaq.
Bakı şəhəri 142 nömrəli orta məktəbin şagirdi Səma Abdulqədirova yarışa həvəslə hazırlaşdığını bildirib. Qeyd edib ki, məktəbimizdə məşqlər üçün hər cür şərait yaradılıb. Ümidvaram, yarışın final mərhələsində uğurla çıxış edib məktəbimizi layiqincə təmsil edəcəyəm.
Xatırladaq ki, ilk dəfə 2003-cü ildə Niderlandda həyata keçirilən “Olimpiya hərəkatı” proqramı genişlənərək digər ölkələri əhatə edib. Azərbaycan “Olimpiya hərəkatı” proqramının icra olunduğu beşinci ölkədir. Proqramın əsas hədəf qrupu Bakının 350-dək orta ümumtəhsil məktəbində təhsil alan 12-16 yaşlı şagirdlərdir. Proqramın icrasını müvafiq idman növləri üzrə fəaliyyət göstərən milli idman federasiyaları da dəstəkləyir. Məktəbdaxili yarışlarla başlayan proqram Bakı şəhərinin rayonları üzrə birinciliklərlə davam edib. Proqram cari ildə “Bakı-2015” ilk Avropa Oyunlarında yarışların keçirildiyi obyektlərin birində təşkil olunacaq final və idman festivalı ilə başa çatacaq.
“Olimpiya hərəkatı” proqramının xüsusi hazırlanmış “Facebook”, “Instagram” və “YouTube” səhifələrində layihənin icrası, həmçinin məktəblilər arasında idman, sağlam və fəal həyat tərzi təşviq edilir.
Proqramın əsas məqsədi “Bakı-2015” ilk Avropa Oyunlarının sosial və idman irsinin davamı olaraq şagirdləri yüngül atletika, veloidman, basketbol 3x3 və badminton üzrə keçiriləcək yarışlara cəlb etməkdir. “Olimpiya hərəkatı” proqramı çərçivəsində uşaqların bədən tərbiyəsi ilə müntəzəm məşğul olması valideynlərin də fəallığının artmasına müsbət təsir göstərir.