Polislər qartallara pilotsuz uçan aparatları tutmağı öyrədirlər VİDEO
Bakı, 2 fevral, AZƏRTAC
Niderlandın hüquq mühafizə orqanları qartallara naməlum pilotsuz uçan aparatları tutmağı öyrətmək istiqamətində test proqramına başlayıb. Polis bu üsuldan yalnız digər vasitələrin insanların həyatına təhlükə törədəcəyi təqdirdə istifadə edəcək.
AZƏRTAC Hitech.vesti.ru saytına istinadla xəbər verir ki, qartallar bu işin öhdəsindən bacarıqla gəlir. Onlar DJI istehsalı olan pilotsuz uçan aparatı çətinlik çəkmədən izləyə, tuta və təhlükəsiz məsafəyə apara bilirlər.
Xüsusi təlim görmüş quşlar bəlkə də, potensial təhlükəli kiçik uçan aparatları sıradan çıxarmaq üçün ən sürətli və effektiv vasitədir. Bu yırtıcılar başqa heyvanı və ya uçan mexaniki qurğunu havada tutaraq saxlamaq üçün güclü pəncəyə və iri caynaqlara malikdir.
Yaponiyada da başqa uçan obyektləri neytrallaşdıra bilən dronlar üzərində iş aparılır. Yerli polis bu məqsədlə altına 3X2 metr ölçüdə tor bərkidilmiş “DJI Spreading Wings 900” modelindən istifadə edir. Bu dronlar havada naməlum uçan aparat gördükdə, onun üzərinə tor atır və qurğunu təhlükəsiz məsafəyə aparır.