Çinin “Quançjou” futbol klubu rekord məbləğdə transfer gerçəkləşdirib VİDEO
Bakı, 3 fevral, AZƏRTAC
Çinin “Quançjou” futbol klubu Asiya üçün rekord məbləğ hesab edilən transferə imza atıb.
AZƏRTAC “Marca” qəzetinə istinadla xəbər verir ki, Çin çempionu Madridin “Atletiko” klubunun ehtiyat hücumçusu Cekson Martinesin transferi üçün 42 milyon avro xərcləyib. İyirmi doqquz yaşlı Kolumbiya millisinin forvardı ilə müqavilə müddəti isə dördillik nəzərdə tutulub.
Çində transfer pəncərəsi fevralın 26-dək davam etdiyindən çempion klubun növbəti yeni bir transferlə rekord qıracağı gözlənilir. Məlumata görə, artıq “Quançjou” Donetskin “Şaxtyor” komandasından yarımmüdafiəçi Aleks Teyşeri heyətinə qatmağı hədəfləyib. Çin klubu sözügedən oyunçunun keçidi üçün 50 milyon avro ödəməyə hazırdır.