Məktəbdə “Beynəlxalq Ana Dili Günü və multikulturalizm” mövzusunda tədbir VİDEO
Bakı, 18 fevral, Pərvanə İmanova, AZƏRTAC
Fevralın 18-də Xətai rayonundakı 56 nömrəli orta məktəbdə “Multikulturalizm ili”nə həsr olunan, “Beynəlxalq Ana Dili Günü və multikulturalizm” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə məktəbin direktoru Hicran Qarabəyli fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən danışıb, dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər salıb. Bildirilib ki, ana dili xalqın varlığını təmin edən amillərdən biri, insanın, bütövlükdə millətin, xalqın mənəviyyat aynasıdır. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Bu dil Azərbaycan xalqının fikrinin, düşüncəsinin, əqidə və məsləkinin, milli ruhunun ifadəsidir. Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib. Biz müstəqil dövlətin, azad xalqın nümayəndəsi kimi doğma dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.
Tədbirdə Milli Məclisin deputatı Hüseynbala Mirələmov, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov və digər çıxış edənlər Azərbaycan dilinin qorunması və saflığı uğrunda ölkəmizdə həyata keçirilən islahatlardan, Azərbaycan xalqının çoxəsrlik qədim mədəniyyət ənənələrindən söz açıblar. Natiqlər ana dilimizin dünya dilləri arasında layiqli yerini tutmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, Prezident İlham Əliyevin Azərbaycan dilinin geniş təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışıb, bu sahədə imzalanan mühüm dövlət sənədlərini xatırladıblar.
Qeyd edilib ki, dilimizin inkişafında və saflığının qorunmasında müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Vurğulanıb ki, cəmiyyət mədəniyyəti qoruyarsa, mədəniyyət də cəmiyyəti xilas edər.
Tədbirdə multikulturalizm barədə də məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Ölkəmizdə yaşayan dini azlıqların dilinin, dininin və mədəniyyətinin inkişafına dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Xalqımız əsrlər boyu tolerantlıq və dünyəvilik ənənələrini qoruyub saxlayıb. Ölkəmizdəki tolerantlıq mühiti dünyaya nümunədir.
Sonra məktəblilər ana dilinə həsr olunan ədəbi-bədii kompozisiya göstərib, dil haqqında şeirlər, hikmətli kəlamlar səsləndriblər.