CƏMİYYƏT
Azərbaycan, Rusiya və İranın sərhəd xidmətlərinin rəhbərləri Xəzərdə təhlükəsizlik məsələlərini müzakirə ediblər VİDEO
Bakı, 12 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini - Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Kulişov və İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayinin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilib.
DSX-nın mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Sərhəd Xidmətinin Aparatında keçirilən görüşdə Xəzər dənizində vəziyyət, sərhəd təhlükəsizliyinin təmin olunması üzrə əməkdaşlığın durumu və perspektivləri, qaçaqmalçılıq, qeyri-leqal miqrasiya, narkotiklərin qeyri-qanuni dövriyyəsi, qanunsuz balıq ovu kimi hərəkətlərlə mübarizə istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Həmin sahələr üzrə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılmasına hazırlıq ifadə edilib.
Müzakirələrdə Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə qarşılıqlı əməkdaşlıq çərçivəsində birgə sərhəd təlimləri və razılaşdırılmış əməliyyat-profilaktik tədbirlərin keçirilməsinin zəruriliyi qeyd olunub. Tərəflər arasında sərhəd gəmilərinin qarşılıqlı dostluq səfərlərinin təşkil edilməsinin vacibliyi vurğulanıb.
Tədbir iştirakçıları bildiriblər ki, Xəzər dənizində hər hansı qanunsuz fəaliyyətə qarşı mübarizə üzrə sərhəd xidmətlərinin əməkdaşlığının həyata keçirilməsi Xəzərin akvatoriyasında, o cümlədən bütövlükdə regionda sərhəd təhlükəsizliyi və sabitliyin təmin olunmasına xidmət edəcək.
Görüşdə, həmçinin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsinin icrasından irəli gələn məsələlərin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi üzrə sərhəd qurumları arasında əməkdaşlığın genişləndirilməsi, habelə gələcək illər üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsi və s. məsələlər müzakirə olunub.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.