MƏDƏNİYYƏT
“Uşaq Kitab Karvanı Şimal bölgəsində” ənənəvi layihəsi həyata keçirilib
Bakı, 10 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2016-cı il “Multikulturalizm İli”nə həsr olunan “Uşaq Kitab Karvanı Şimal bölgəsində” ənənəvi layihəsini həyata keçirib.
AZƏRTAC xəbər verir ki, karvanı ilk qarşılayan Xızı rayon mərkəzi kitabxanası olub. Tədbir Ulu Öndərin adını daşıyan Heydər Əliyev Muzeyi qarşısında təşkil edilib. Tədbirdə Xızı rayon mədəniyyət və turizm şöbəsinin, rayon icra hakimiyyətinin əməkdaşları, məktəblilər iştirak ediblər.
Uşaqlar tədbirdə öz sevimli yazıçıları - Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Zahid Xəlil, Gülzar İbrahimova ilə görüşüb. Musiqili tədbirdə uşaqlar kitab, Vətən haqqında şeirlər söyləyib, mahnılar ifa ediblər.
Tədbirdən sonra uşaqlarla “Nağıl bilicisi” müsabiqəsi keçirilib. Dörd mərhələ üzrə keçirilən müsabiqədə qalib “Nağıl bilicisi” medalı ilə təltif olunub. Digər fərqlənən iştirakçılara da kitabxana tərəfindən hədiyyələr verilib.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası 1000 nüsxədən çox kitab bağlamalarını rayonun Mərkəzləşdirilmiş Kitabxana Sisteminə hədiyyə edib. Hədiyyə kitabları içərisində azsaylı xalqların mədəniyyətini özündə əks etdirən uşaq ədəbiyyatı nümunələri də olub.