MƏDƏNİYYƏT
“Uşaq Kitab Karvanı Şimal bölgəsində” adlı layihənin iştirakçıları Şabran rayonunda
![](/files/galleryphoto/2016/2/1200x630/14656312555063440308_1200x630.jpg)
![](/files/galleryphoto/2016/2/1200x630/14656312555908729975_1200x630.jpg)
Bakı, 11 iyun, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə multikulturalizm ili çərçivəsində “Uşaq Kitab Karvanı Şimal bölgəsində” adlı layihəyə start verilib.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində təşkil olunan səyyar kitab sərgiləri respublikanın şimal bölgəsində yerləşən Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarını əhatə edir. Əvvəlcə tədbir Şabran rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Uşaq Yaradıcılıq Mərkəzində təşkil olunub.
Rayon rəhbərliyinin də qatıldığı tədbirdə balacaların sevimli yazıçıları - Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Zahid Xəlil, Gülzar İbrahimova ilə görüş təşkil olunub.
Şən musiqi sədaları altında baş tutan tədbirdə uşaqlar ulu öndər Heydər Əliyevə, Azərbaycana və kitaba aid şeirlər söyləyərək, mahnılar ifa ediblər.
Sonra uşaqlar arasında “İntellektual səviyyəmizi yüksəldək” adlı müsabiqə təşkil olunub. Yazıçıların iştirakı ilə keçirilən müsabiqədə daha çox xal toplayan oyunçu qalib müəyyən edilib. Belə ki, Şabran rayon 2 nömrəli orta məktəbin IX sinif şagirdi Nərmin Quliyeva “İntellektual oxucu” medalı ilə təltif olunaraq bir illik F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təsis etdiyi “Göy qurşağı” uşaq jurnalına pulsuz abunə haqqı qazanıb. Digər fərqlənən iştirakçılara da kitabxana tərəfindən hədiyyələr təqdim olunub.
Tədbir kitab sərgiləri ilə davam edib. Sonda F.Köçərli adına Respublika Uşaq Kitabxanası 1000 nüsxəyədək kitab bağlamalarını rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə hədiyyə edib. Hədiyyə kitabları içərisində azsaylı xalqların mədəniyyətini özündə əks etdirən uşaq ədəbiyyatı nümunələri də yer alıb.