MƏDƏNİYYƏT


Kitab karvanı Qusarda

Bakı, 16 iyun, Aynur İsmayılova, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə multikulturalizm ili çərçivəsində “Uşaq Kitab Karvanı Şimal bölgəsində” səyyar kitab sərgisi Qusar rayonunda davam etdirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Qusar rayon Mərkəzi Kitabxanasının direktoru Zahir Mustafayev çıxış edərək uşaq ədəbiyyatına olan marağı yüksəltməklə uşaqların mütaliəyə cəlb edilməsindən, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində “Azərbaycanın Folklor Paytaxtı” elan olunan Qusar rayonunun bu il maraqlı, rəngarəng tədbirlərindən söhbət açıb.

Uşaqlar tədbirdə öz sevimli yazıçıları ilə görüşüb. Şən musiqi sədaları altında keçən tədbirdə uşaqlar şeirlər söyləyib, mahnılar ifa ediblər. Tədbir iştirakçıları səyyar kitab sərgiləri ilə tanış olublar.

Tədbirdən sonra orta yaş qrup oxucularla “Sənin intellektin- oxuduğun kitablardır”, kiçik yaşlılarla isə “Ən yaxşı nağıl bilicisi” adlı müsabiqələr keçirilib. Müsabiqədə daha çox xal qazanan oyunçu qalib müəyyən edilib, “Nağıl bilicisi” medalını Qusar rayon 6 nömrəli məktəbin VIII sinif şagirdi Alqayıt Abdullayev qazanıb.

Qalibə kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalının bir il pulsuz hədiyyə olaraq veriləcəyi bildirilib. Digər fərqlənən iştirakçılara da kitabxana tərəfindən hədiyyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.