REGİONLAR
99 saylı Bərdə seçki dairəsində keçirilən maarifləndirici treninqlər başa çatıb



Bərdə, 24 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar 99 saylı Bərdə seçki dairəsində aşağı seçki komissiyalarının üzvləri üçün keçirilən maarifləndirici treninqlər başa çatıb.
Dairə Seçki Komissiyasının sədri Dilsuz Nəcəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, treninqlərə 99 saylı seçki dairəsinin 58 məntəqəsi üzrə, ümumilikdə, aşağı seçki komissiyalarının 348 üzvü cəlb edilib. Treninqlər Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi təlim kurslarında iştirak etmiş Müşfiq Əliyev və Şölə Abdullayeva tərəfindən aparılıb. Gün ərzində iki dəfə olmaqla keçirilən treninqlər zamanı iştirakçılara slaydların köməyi ilə seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilib, komissiya üzvlərinin sualları cavablandırılıb. Aşağı seçki komissiyası üzvlərinə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar da təqdim olunub.
Qeyd edək ki, 99 saylı Bərdə seçki dairəsi üzrə 7 bələdiyyəyə, ümumilikdə, 81 üzv seçiləcək. Qeydə alınan namizədlərin sayı 157 nəfərdir.