ELM VƏ TƏHSİL
AMEA Beynəlxalq Elmi Şuraya tamhüquqlu üzv qəbul edilib
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Beynəlxalq Elmi Şuraya (ISC) tamhüquqlu üzv qəbul edilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu barədə Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli məlumat verib. Akademik qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrinin elmi mərkəzləri və ali təhsil müəssisələri, o cümlədən nüfuzlu beynəlxalq elmi təşkilatları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, Azərbaycan elminin nailiyyətlərinin beynəlxalq miqyasda təbliği hazırda AMEA-da aparılan islahatların mühüm istiqamətlərindən birini təşkil edir. Ötən ilin sonlarından həyata keçirilən məqsədyönlü fəaliyyət sayəsində artıq AMEA Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasına (AASSA), Avrasiya Universitetlər Birliyinə (EURAS) üzvlüyə qəbul edilib.
AMEA rəhbəri bu tədbirlərin davamı olaraq, bu günlərdə akademiyanın nüfuzlu Beynəlxalq Elmi Şuraya tamhüquqlu üzv qəbul olunduğunu vurğulayıb. O qeyd edib ki, Beynəlxalq Elmi Şura təbiət və sosial elmlərə aid birlik və assosiasiyalar, akademiyalar və tədqiqat şuraları kimi milli və regional elmi şuralar da daxil olmaqla, 250-dən çox elmi təşkilatı əhatə edən nüfuzlu qurumdur. Şuranın prezidenti Peter Qulikmanın 2023-cü il iyulun 4-də AMEA-nın rəhbərliyinə məktubla müraciət edərək akademiyanın ISC-nin tamhüquqlu üzvlüyünə qəbul edilməsi barədə məlumat verdiyini deyən İsa Həbibbəyli diqqətə çatdırıb ki, qurumun Əsasnaməsinə uyğun olaraq AMEA qarşıdan gələn bütün səsvermə prosedurlarında tam hüquqla iştirak etmək statusuna malikdir. Məktubda Beynəlxalq Elmi Şuranın işində və fəaliyyətində iştiraka görə İdarə Heyəti adından AMEA-ya səmimi təşəkkür edilib, əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişlənəcəyinə inam ifadə edilib.
Akademik İsa Həbibbəyli, həmçinin AMEA-nın Beynəlxalq Dünya Elmlər Akademiyasına üzvlüyü ilə bağlı məsələnin də yekunlaşmaq üzrə olduğunu söyləyib. Qeyd edib ki, AMEA sözügedən təşkilatlara üzv olmaqla ölkəmizin mənafelərini beynəlxalq elmi müstəvidə qoruyur və dünya elm məkanında qərarların qəbulunda birbaşa iştirak etmiş olur. Daha sonra AMEA-nın Rəyasət Heyəti tərəfindən akademiyanın elmi müəssisə və təşkilatlarına ISC ilə əməkdaşlıq çərçivəsində müvafiq elmi və elmi-təşkilati fəaliyyət istiqamətlərinə uyğun tədbirlərin həyata keçirilməsi tapşırılıb.