İQTİSADİYYAT
AQTA-nın əməkdaşları daha 421 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçiriblər
Bakı, 21 iyun, AZƏRTAC
Koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, AQTA-nın əməkdaşları tərəfindən iyunun 20-də Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 207-si ictimai iaşə obyekti, 214-ü ərzaq satışı mağazası olmaqla ümumilikdə 421 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərin yüzündə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və qaydaların kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.
AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək. Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunan metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.