DÜNYA


Almaniyada sutka ərzində koronavirusa rekord yoluxma qeydə alınıb

Bakı, 21 yanvar, AZƏRTAC

Almaniyada ötən sutka ərzində COVID-19 infeksiyasına rekord sayda - 140 min 160 yoluxma qeydə alınıb və yoluxanların ümumi sayı 8 milyon 460 min nəfəri keçib. Həmçinin son 24 saat ərzində ölkədə 170 koronavirus xəstəsi ölüb. Pandemiyanın əvvəlindən bəri Almaniyada virus səbəbindən 116 min 485 nəfər həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Robert Xok adına Virusologiya İnstitutunun yanvarın 21-də dərc etdiyi məlumatda deyilir. Məlumata görə, ölkədə son yeddi gün ərzində 100 min nəfərə düşən yoluxma sayı 706,3 nəfərə çataraq yeni rekord müəyyən edib. Yanvarın 20-də bu göstərici 638,8 nəfər, ötən həftə 470,6 nəfər, ötən ay isə 306,4 nəfər olmuşdu. İlin əvvəlindən Almaniyada COVID-19 infeksiyasının “omikron” ştamı dominantlıq etməyə başlayıb.

Hazırda ölkədə bəzi karantin tədbirləri qüvvədə olsa da, pandemiyanın ilk üç dalğası zamanı qoyulan məhdudiyyətlər xeyli yumşaldılıb. Qadağalar əsasən peyvənd olunmayan vətəndaşlara aiddir. Onların restoranlara, teatrlara və konsertlərə girişi məhdudlaşdırılıb.

Qeyd edək ki, Almaniya hakimiyyəti üçüncü doza da daxil olmaqla, mümkün qədər çox insanın peyvənd olunmasına çalışır. Kansler Olaf Şolts bu il məcburi vaksinasiyanın tətbiqinə nail olmaq niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.