Naxçıvanda kümçülərə 50 qutu ipəkqurdu toxumu paylanılıb - Açıqlama
Naxçıvan, 13 may, AZƏRTAC
Uzun illik fasilədən sonra 2024-cü ildə muxtar respublikada baramaçılıq ənənələrinin yenidən bərpasına başlanılıb. Həmin il pilot layihə çərçivəsində gətirilən 30 qutu ipəkqurdu toxumu inkubasiya prosesindən keçirilərək kümçülərə təmənnasız paylanılıb və nəticədə 1119 kiloqram yaş barama istehsal edilib. Bu uğurlu başlanğıc 2025-ci ildə davam etdirilib və 40 qutu ipəkqurdu toxumundan 1757 kiloqram yaş barama əldə olunub. Bu da bir il ərzində məhsuldarlıqda 17 faiz artım deməkdir. Naxçıvan orta məhsuldarlıq göstəricisinə görə iki il ardıcıl olaraq ölkə üzrə Zərdab rayonundan sonra ikinci yerə yüksəlib.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Rübabə Hüseynzadə deyib.
“Bu nailiyyətlər “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən məqsədyönlü tədbirlərin bariz nümunəsidir. Müsbət tendensiyanın davamı olaraq, cari ildə muxtar respublikaya 50 qutu ipəkqurdu toxumu gətirilib. Toxumlar əvvəlcə Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunda inkubasiyaya qoyulub və sonra yenidən əvəzi ödənilmədən kümçülərə paylanılıb. Bu addım regionda baramaçılığın daha da kütləviləşməsinə və məhsul həcminin artmasına xidmət edəcək", - deyə nazirliyin sektor müdiri əlavə edib.
Müxbir- Nail Əsgərov