“Xocalıdan dünyaya” şüarı ilə Ballıcadan dünyaya uzanan ixrac marşrutu FOTO
“Strateji hədəfimiz istehsalın 60 faizini xarici bazarlara yönəltməkdir”
Xocalı, 13 may, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərin iqtisadi yenidənqurma planına uyğun olaraq, Xocalı rayonunda müasir istehsal infrastrukturunun qurulması sürətlə davam edir. Bölgədə həyata keçirilən bərpa və quruculuq işləri çərçivəsində fəaliyyətə başlayan yeni müəssisələr Qarabağın sənaye mərkəzinə çevrilməsində mühüm rol oynayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Ballıca kəndində fəaliyyət göstərən “Accurate Az” MMC bölgənin sənaye potensialının reallaşdırılmasına və əhalinin məşğulluğunun təmin edilməsinə fundamental töhfələr verir.
Müasir texnoloji xətlərlə təchiz olunan müəssisədə həm daxili bazarın tələbatını ödəmək, həm də xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmaq üçün yüksəkkeyfiyyətli ofis mebelləri istehsal edilir. Fabrikin meneceri Mübariz Muradov qeyd edib ki, istehsal prosesində Türkiyə, Almaniya, İsveçrə, İtaliya, Çin və Yaponiyanın qabaqcıl şirkətlərinin avadanlıqlarından istifadə olunur. Bu da məhsulların beynəlxalq standartlara tam cavab verməsinə şərait yaradır.
“Hazırda illik istehsal gücümüz 240 min ofis kreslosu və 4 milyona yaxın müxtəlif aksesuardan ibarətdir. Strateji hədəfimiz istehsalın 60 faizini xarici bazarlara yönəltməklə “Made in Azerbaijan” brendini ofis mebeli sektorunda daha da tanıtmaqdır. “Xocalıdan dünyaya” şüarı bizim üçün sadəcə bir deviz deyil, həm də bu torpağın iqtisadi qüdrətini bərpa etmək missiyasıdır”, - deyə menecer vurğulayıb.
Müəssisənin əsas üstünlüklərindən biri istehsalın tam dövriyyəli olmasıdır. Burada ofis kresloları və aksesuarların hazırlanması xammalın qəbulundan tutmuş, son qablaşdırmaya qədər bütün mərhələləri əhatə edir. Bu yanaşma həm maya dəyərinin aşağı düşməsinə, həm də keyfiyyətə mütləq nəzarətə imkan verir. Hazırda fabrikdə 100-ə yaxın əməkdaş çalışsa da, yaxın perspektivdə müəssisənin tam gücü ilə fəaliyyət göstərməsi nəticəsində işçi sayının 450 nəfərə çatdırılması nəzərdə tutulur.

Müəssisə həm də mühüm sosial missiya daşıyır. Belə ki, çalışanların böyük əksəriyyəti doğma yurduna qayıtmış keçmiş məcburi köçkünlərdir. Uzun illərdən sonra öz torpağında işləmək imkanı qazanan sakinlərdən biri - Sevda Əliyeva hisslərini bölüşərək deyib: “Doğma Xocalıda, müasir standartlara cavab verən belə bir fabrikdə çalışmaq bizim üçün böyük fəxrdir. Uzun illər bu anın həsrətini çəkmişik. Bu gün isə sadəcə burada yaşamırıq, həm də istehsal prosesinin bir parçası olaraq bölgənin iqtisadiyyatını ayağa qaldırırıq. Yaradılan şərait və dövlətin bizə göstərdiyi diqqət insanların gələcəyə inamını daha da artırır”.
Ballıca kəndində fəaliyyətə başlayan bu istehsal ocağı Xocalıda iqtisadi fəallığın artmasının bariz nümunəsidir. Belə müəssisələrin sayının artması regionun xammal asılılığından xilas olmasına, ixrac potensialının şaxələndirilməsinə və Qarabağın iqtisadiyyatının ölkənin ümumi daxili məhsulunda çəkisinin artmasına xidmət edəcək.
Müxbir-Aydın Yavərzadə