Leyboristlər Partiyasında böhran dərinləşir: Baş nazir istefaya çağırılır
London, 13 may, AZƏRTAC
Leyboristlər Partiyasında narazılıqların artdığı bir vaxtda Böyük Britaniyada dörd nazir istefa verib və Baş nazir Kir Starmerin də vəzifədən getməsi çağırışları güclənib.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, istefa verənlər arasında Cess Fillips, Aleks Dayvis Cons, Miatta Fahnbulleh və səhiyyə naziri Zubir Ahmed yer alır. Onlar Baş nazirə ünvanladıqları müraciətdə ölkənin maraqları naminə hərəkət etməyə və istefa üçün vaxt cədvəli açıqlamağa çağırıblar.
Bundan əlavə, Leyboristlər Partiyasının ən azı 80 deputatının da partiya rəhbərliyində dəyişiklik istədiyi bildirilir.
Lakin Kir Starmer Nazirlər Kabineti ilə görüşündə istefa verməyəcəyini bildirib və nazirləri ona dəstək olmağa çağırıb. Bu vəziyyət onun Baş nazirliyi dövrünün ən ciddi siyasi böhranı kimi qiymətləndirilir.
Eyni zamanda, Leyboristlər Partiyasından olan 103 deputat Starmerə dəstək bəyanatı imzalayıb. Bəyanatda hazırda liderlik yarışı üçün uyğun zaman olmadığı vurğulanıb və partiya daxilində birgə fəaliyyətə çağırış edilib.
Böhran fonunda diqqətlər Parlamentin bu gün keçiriləcək təntənəli açılış mərasiminə yönəlib. Kral Çarlz ənənəyə uyğun olaraq Lordlar Palatasında çıxış edəcək. Lakin məlumatlara görə, “Buckingham” Sarayı Kralın siyasi böhrana cəlb olunmasını istəmir. “Politico” nəşrinin yazdığına görə, saray rəsmiləri Starmer komandasına monarxın siyasi məqsədlər üçün istifadə edilməməli olduğunu çatdırıblar.
Qeyd edək ki, Leyboristlər Partiyasına qarşı narazılıqlar son yerli seçkilərdən sonra daha da artıb. Partiya Britaniya üzrə yüzlərlə yerli idarəetmə mandatını itirib, sağçı Reform UK partiyası isə bir sıra bölgələrdə ciddi uğur qazanıb. Seçkilərin nəticələri Starmerin liderliyinə etimadın azalması kimi qiymətləndirilir.