Fransanın səhiyyə naziri hantavirusun mümkün mutasiyası ilə bağlı qeyri-müəyyənliklərin qaldığını etiraf edib
Paris, 13 may, AZƏRTAC
Fransanın səhiyyə naziri Stefani Rist Milli Assambleyada çıxışı zamanı bildirib ki, “MV Hondius” kruiz gəmisində aşkarlanan hantavirus ocağı ilə bağlı bütün elmi məlumatlar hələ tam əldə olunmayıb və virusun mümkün mutasiyası ehtimalı istisna edilmir.
AZƏRTAC xəbər verir ki, nazirin sözlərinə görə, virusun genetik ardıcıllığının tam təhlili hələ yekunlaşmayıb. “Bizdə virusun mutasiyaya uğramadığına dair tam əminlik yoxdur”, – deyə o bildirib.
Bununla belə, nazir vurğulayıb ki, hazırda Fransa ərazisində virusun geniş yayılmasına dair heç bir əlamət qeydə alınmayıb. O qeyd edib ki, təsdiqlənmiş yoluxma halları yalnız “MV Hondius” gəmisinin sərnişinləri ilə əlaqəlidir.
Fransa hakimiyyətinin məlumatına görə, aprelin 25-də Müqəddəs Yelena adası ilə Yohannesburq arasında uçuş həyata keçirən və yoluxmuş sərnişinlə eyni təyyarədə olan səkkiz Fransa vətəndaşı hazırda xəstəxanaya yerləşdirilib. Yohannesburqdan qalxan digər reysdə müəyyən edilmiş Fransa vətəndaşlarının da tibbi nəzarət altında hospitalizasiya prosesi davam edir.
Nazir bildirib ki, ümumilikdə Fransada hantavirus ocağı ilə əlaqəli 22 təmas halı müəyyən edilib. Onlardan bir qadının vəziyyətinin ağır olduğu və xəstəliyin ciddi formasından əziyyət çəkdiyi qeyd edilib.
Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlərin Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və elmi ekspertiza nəticələrinə əsaslandığını deyən S. Rist hökumətin vəziyyətlə bağlı “tam şəffaf” fəaliyyət göstərdiyini vurğulayıb.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yayılan son məlumata görə, hazırda “MV Hondius” ilə əlaqəli 11 yoluxma halı qeydə alınıb. Onlardan 9-u laborator şəkildə təsdiqlənib, 2-si isə ehtimal olunan hal kimi qiymətləndirilir. 3 nəfərin isə həyatını itirdiyi bildirilib.
Mütəxəssislərin məlumatına görə, əsasən yoluxmuş gəmiricilər vasitəsilə yayılan hantavirus yüksək hərarət, ağır tənəffüs çatışmazlığı, böyrək çatışmazlığı və daxili qanaxmalar kimi ciddi fəsadlara səbəb ola bilər.