Qazaxıstanda dəmir yolu ilə 84 milyon tondan çox yük daşınıb
Astana, 13 may, AZƏRTAC
Qazaxıstanda dəmir yolu ilə yükdaşımaları 2026-cı ilin yanvar-aprel ayları arasında 84,4 milyon ton təşkil edib.
AZƏRTAC “Qazaxıstan Dəmir Yolu” SC-yə (KTZ) istinadla xəbər verir ki, daxili yükdaşımaları 54 milyon ton olub, ixracyönümlü daşımalar isə 8 faiz artaraq 30,4 milyon tona çatıb.
Kömür ənənəvi olaraq yükdaşımalarının əsas hissəsini təşkil edir. Hesabat dövründə 35,3 milyon ton kömür daşınıb ki, bu da 2025-ci illə müqayisədə 3,3 faiz artım deməkdir. Kömür yüklərinin 24,4 milyon tonu Qazaxıstan istehlakçılarına çatdırılıb, 9,9 milyon tonu isə ixrac edilib.
Taxıl daşınması seqmentində də müsbət tendensiyalar müşahidə olunur. BU göstərici 13 faiz artaraq 5,3 milyon tona, taxıl ixracı isə 14,4 faiz artaraq 4,2 milyon tona çatıb. Üyüdülmüş məhsul daşınması 1 milyon ton (3 faiz artım), yem daşınması isə 1,3 milyon ton (62 faiz artım) təşkil edib.
2026-cı ilin ilk dörd ayında dəmir yolu ilə 6,3 milyon ton neft yükü, 6,6 milyon ton dəmir filizi və 4,3 milyon ton tikinti materialları da daşınıb. Qara metal daşımaları 7,2 faiz artaraq 2,5 milyon tona, kimyəvi gübrələr 3,7 faizlik artımla 1,7 milyon tona, dəmir filizi və manqan daşımaları isə 1,3 faiz artaraq 6,7 milyon tona çatıb.