Liviya işi: Prokurorluq Nikola Sarkozinin məhkum olunmasını tələb edib
Paris, 13 may, AZƏRTAC
Fransada keçmiş prezident Nikola Sarkozi ilə bağlı davam edən “Liviya işi” üzrə apellyasiya məhkəməsində Baş Prokurorluq onun bütün ittihamlar üzrə təqsirli bilinməsini tələb edib.
AZƏRTAC xəbər verir ki, ittihamlar arasında korrupsiya, seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi və Liviya dövlət vəsaitlərinin mənimsənilməsində iştirak yer alır.
Paris Apellyasiya Məhkəməsində çıxış edən baş prokuror Damyən Brüne bildirib ki, Nikola Sarkozi ilə Müammar Qəddafi arasında 2007-ci il prezident seçki kampaniyasının maliyyələşdirilməsinə dair gizli razılaşma mövcud olub. Onun sözlərinə görə, Liviya rejimindən göndərilən vəsaitlər keçmiş Fransa prezidentinin seçki kampaniyasına yönəldilib.
İttihama əsasən, bu razılaşmanın əsas şərtlərindən biri Qəddafinin qaynı və Liviyanın keçmiş kəşfiyyat rəhbəri Abdallah Senussiyə qarşı beynəlxalq həbs orderinin ləğvi üçün addımlar atılması olub. Senussi 1989-cu ildə UTA şirkətinə məxsus DC-10 təyyarəsinə qarşı terror aktına görə Fransada qiyabi şəkildə ömürlük həbs cəzasına məhkum edilmişdi.

Prokurorluq hesab edir ki, Nikola Sarkozi və onun keçmiş yaxın silahdaşı, Yelisey sarayının keçmiş baş katibi Klod Gean bu proses zamanı dövlətin ən ali vəzifələrindən şəxsi məqsədlər üçün sui-istifadə ediblər.
İttiham tərəfi, həmçinin bildirib ki, 2007-ci il seçki kampaniyasının maliyyə hesabları korrupsiya əməliyyatlarının gizlədilməsi üçün vasitə rolunu oynayıb.
Məhkəmədə Liviya rejimindən fransız-livanlı vasitəçi Ziad Takieddin ilə əlaqəli hesablara köçürülmüş bank əməliyyatları da diqqət mərkəzində olub. Prokurorluğun iddiasına görə, bu köçürmələr Sarkozinin yaxın çevrəsi ilə Abdallah Senussi arasında 2005-ci ilin sonunda Liviyada keçirilən görüşlərdən sonra həyata keçirilib.
Qeyd edək ki, 2025-ci ildə birinci instansiya məhkəməsi keçmiş prezidenti “cinayətkar qrup yaratmaq” ittihamı üzrə beş il həbs cəzasına məhkum etsə də, korrupsiya və qanunsuz kampaniya maliyyələşdirilməsi ittihamlarından bəraət vermişdi. Hakimlər həmin dövrdə Sarkozinin hüquqi baxımdan “dövlət hakimiyyətini təmsil edən şəxs” deyil, prezidentliyə namizəd kimi fəaliyyət göstərdiyini əsas gətirmişdilər.
Baş Prokurorluq isə bu yanaşma ilə razılaşmır və Sarkozinin həm daxili işlər naziri, həm də daha sonra prezident kimi dövlət səlahiyyətlərinə malik olduğunu vurğulayır.
Nikola Sarkozi və onunla birlikdə mühakimə olunan daha doqquz nəfərin apellyasiya məhkəməsi mayın 27-dək davam edəcək. Keçmiş prezidentə qarşı tələb olunan cəza müddətinin isə bu gün açıqlanacağı gözlənilir.