DÜNYA
Avropa Komissiyası Polşadan cərimələrini ödəməyini tələb edir
Bakı, 19 yanvar, AZƏRTAC
Rəsmi Varşava Brüsselin qərarına tabe olmadığına görə, Avropa Komissiyası Polşa hökumətinin 69 milyon avro cərimə ödəməsini tələb edir.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, yanvarın 20-də Avropa Komissiyası Polşanı 2021-ci il noyabrın 4-dən 2022-ci il yanvarın 10-dək Polşa Ali Məhkəməsinin hakimlər üçün intizam palatasının ləğvi ilə bağlı məhkəmə qərarını yerinə yetirməkdən imtina etdiyinə görə 69 milyon avro məbləğində cərimələyib.
Qeyd edək ki, bundan əvvəl Polşa hökumətinin mətbuat katibi Piotr Müller Avropa İttifaqının Koronavirusla Mübarizə Fondundan Polşaya vəsaitin ayrılmasına mane olacağı təqdirdə bu ölkənin Aİ-nin bəzi qərarlarının icrasından imtina edə biləcəyini bəyan etmişdi. Polşa Avropa Ədalət Məhkəməsinin qərarı ilə bağlı iddialara cavab olaraq, intizam palatasının işini dayandırmağa razılaşıb. Bununla belə, Avropa Komissiyası hesab edir ki, Polşa məhkəmənin qərarına tam əməl etməyib və məhkəmə hakimiyyətinin müstəqilliyinə təhlükə yarada biləcək hərəkətləri davam etdirir.
Xatırladaq ki, ötən ilin oktyabrında Avropa Ədalət Məhkəməsi Polşa Ali Məhkəməsinin Hakimlər üçün Intizam Palatasının fəaliyyətini dayandırmadığı üçün bu ölkənin gündəlik 1 milyon avro cərimə ödəməsi barədə qərar çıxarmışdı.