İDMAN


Azərbaycan Premyer Liqasının debütantı “Turan Tovuz” komandası çempionatda ilk qələbəsini qazanıb

Bakı, 13 avqust, AZƏRTAC

Bu gün futbol üzrə Misli Premyer Liqasında ikinci turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, günün ikinci matçında “Səbail” komandası Bakıdakı “ASCO Arena”da çempionatın debütantı “Turan Tovuz”u qəbul edib.

Baş hakim Rauf Allahverdiyevin idarə etdiyi görüşdə Tovuz təmsilçisi səfərdə rəqibini minimal hesabla (1:0) məğlub edib. Matçda yeganə qolu oyunun 47-ci dəqiqəsində Natan Oduva paytaxt klubunun qapısından keçirib.

Premyer Liqada ilk qələbəsini qazanan bölgə komandası xallarının sayını üçə çatdırıb. “Səbail” isə iki oyundan sonra xal toplaya bilməyib.

Xatırladaq ki, turun açılış oyununda “Sabah” komandası “Dalğa Arena”da “Zirə”dən 3:1 hesabı ilə üstün olub.

Bu gün baş tutan günün ilk görüşündə “Qarabağ” səfərdə “Sumqayıt”a qalib gəlib - 2:0.

Hazırda ardıcıl iki qələbə qazanan “Qarabağ” və “Sabah” turnir cədvəlində altı xalla birinci-ikinci yerləri bölüşür. Aktivlərində üç xal olan “Qəbələ”, “Neftçi”, “Zirə” və “Turan Tovuz” kollektivləri turnir cədvəlində üçüncü-altıncı yerləri bölüşürlər.

Tura avqustun 14-də keçiriləcək “Qəbələ”–“Şamaxı” və “Neftçi”–“Kəpəz” matçları ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.