CƏMİYYƏT
Azərbaycanın Milli Qəhrəman Cəlil Səfərovun xatirəsi anılıb
Bakı, 18 may, AZƏRTAC
Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərovun vaxtilə təhsil aldığı Cəmşid Naxçıvanski adına Hərbi Liseydə anma tədbiri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə liseyin kursantlarının vətənpərvərlik mövzusundakı rəsm əsərləri ilə tanış olublar.
Tədbir ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olan qəhrəmanların xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Polkovnik-leytenant Şahin Xankişiyev tədbiri giriş sözü ilə açaraq Azərbaycanın Milli qəhrəmanlarından səkkizinin liseyin məzunu, bir nəfərin isə təhsil ocağının zabiti olduğunu bildirib.
Qeyd edilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Azərbaycanın yüzlərlə igidi kimi Cəlil Səfərov da əsl qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlib. O, yeni qurulan ordumuzda peşəkar zabitlərə ehtiyacın olduğu bir vaxtda Azərbaycan Respublikası Müdafiə Nazirliyində zabit vəzifəsinə təyin edilib. Dağlıq Qarabağa ezam olunan Cəlil Səfərov Şuşaya hərbi əməliyyatlara göndərilib. Dinc sakinlərin təhlükəsiz yerlərə köçürülməsində müstəsna xidmətlər göstərib. Cəlil Səfərov 1992-ci il mayın 15-də Şuşanın Turşsu - Zarıslı istiqamətində gedən ağır döyüşdə qəhrəmancasına şəhid olub.
Sonra Cəlil Səfərova dərs demiş Əməkdar Müəllim Abbas Abbasov Milli Qəhrəmanla bağlı xatirələrini bölüşüb.