REGİONLAR


Azərbaycanın şəlalələr diyarı - Ləzə VİDEO

Qusar, 25 may, Elxan Yusifli, AZƏRTAC

Son illər Qusar rayonunun əsrarəngiz təbiət mənzərələri ilə zəngin Ləzə kəndini ziyarət edən turistlərin sayı xeyli artıb. Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4 min 242 metr hündürlükdə Şahdağ yüksəkliyinin ətəyində yerləşən kəndi Azərbaycanın şəlalələr diyarı da adlandırırlar.

AZƏRTAC xəbər verir ki, Ləzə kəndində 10-dan çox dağ şəlaləsi var. Bu da yerli və əcnəbi turistləri buraya cəlb edən əsas amillərdəndir. Kəndin yerləşdiyi yayla dəniz səviyyəsindən 1300 metr yüksəklikdədir.

Yerli sakinlər bildirirlər ki, həm yay, həm də qış fəslində kənddə turistlərə rast gəlmək mümkündür. Ləzənin bir-birindən gözəl şəlalələri, təmiz havası ölkəmizdən kənarda da məşhurdur. Yüksək dağ zirvələrinə çıxmaq üçün kəndə gələn xarici turistlərin sayı ilbəil artır. 170 nəfərə yaxın əhalisi olan Ləzə kəndində 28 ev var. Yaşayış məntəqəsində qarlı-şaxtalı havalar 7 ay davam edir. Qış fəslində kəndin dörd bir yanındakı şəlalələrin əksəriyyəti donaraq əsrarəngiz təbiət mənzərəsi yaradır. Donmuş şəlalələrdə buzadırmanma üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışlar keçirilir.

Ləzə kəndinin aid olduğu Kuzun bələdiyyəsinin sədri Yaşar Kiçibəyov AZƏRTAC-a müsahibəsində bildirib ki, yaşayış məntəqəsinin əhalisinin əsas məşğuliyyəti heyvandarlıqdır. Tərəvəz bitkilərindən kənddə yalnız kartof və kələm yetişdirilir. Kənddə qədim xalçaçılıq ənənələri qorunub saxlanılıb.

Qeyd edək ki, 2013-cü ildə kənd ərazisində Şahdağ Milli Parkının nəzarət-buraxılış məntəqəsi inşa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.