İQTİSADİYYAT
Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının dünya ölkələri ilə siyasi, iqtisadi əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Bu da Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin bilavasitə nəticəsidir. Bu gün nəinki regionda, dünyada böyük iqtisadi potensiala malik ölkə kimi səciyyələndirilən Azərbaycana maraq daha da artıb. Avropa və dünyanın digər ölkələri Azərbaycanla iqtisadi əlaqələrinin gücləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinə ehtiyac duyurlar. Son illərdə dünyada Azərbaycanın təbii qaz ehtiyatlarına olan maraq durmadan artır. Qarşılıqlı əməkdaşlığın inkişafına həsr olunmuş beynəlxalq məclislərdə dövlət başçımızın məruzə və çıxışlarında, jurnalistlərə müsahibələrində, eyni zamanda, bağlanmış müqavilələrdə bu məsələlər aydın ifadəsini tapıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Təhsil İnstitutunun şöbə müdiri pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov bildirib.
O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidentinin İtaliya səfərində digər məsələlərlə yanaşı, bu məsələlərə də xüsusi diqqət yetirilib. İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə baş tutmuş səfər çərçivəsində Prezident İlham Əliyev 2022-ci il sentyabrın 2-də Çernobbio şəhərində “The European House- Ambrosetti” beyin mərkəzinin “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirdiyi 48-ci Beynəlxalq Çernobbio Forumunda əsas qonaq qismində iştirak etdi. Prezident İlham Əliyev beynəlxalq forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etdi.
Dünyanın müasir iqtisadi mənzərəsindən aydın olur ki, Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə çevirib. Prezident çıxışında qeyd etdi ki, Azərbaycanın enerji strategiyasında neftlə yanaşı, qaz yataqlarının da istismara verilməsi mühüm yer tutur. Bizim qaz ehtiyatımız 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan Respublikası son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçı kimi tanınır. Bizim Cənub Qaz Dəhlizi adlandırdığımız üç boru kəməri inteqrasiya edilmiş 3500 kilometrlik boru kəmərləri sistemidir. Trans-Adriatik (TAP) boru kəməri İtaliyaya qədər uzanır. Trans-Anadolunun (TANAP) ötürmə qabiliyyəti 16 milyard kubmetr, Trans-Adriatikin (TAP) ötürmə qabiliyyəti isə 10 milyard kubmetrdir. Qaza olan ehtiyacları nəzərə alaraq hazırda TANAP-ın ötürmə qabiliyyətini 32 milyard kubmetrə, TAP-ın ötürmə qabiliyyətini isə 20 milyard kubmetrə çatdırmaq nəzərdə tutulur.
Alim bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra 10-dan çox ölkə qaz ixracının artırılması, yaxud ixraca başlanılması ilə bağlı Azərbaycana rəsmi müraciət edib. Bu da Azərbaycanın təbii qazına olan tələbatın artdığını göstərir. Prezident İlham Əliyev çıxışında bildirib ki, artan ehtiyacları ödəmək məqsədilə ikitərəfli əməkdaşlığın, əlaqələrin, münasibətlərin daha da möhkəmləndirilməsinə, inkişafına ehtiyac var. Bu baxımdan Avropa İttifaqı ilə Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilməsi təqdirəlayiqdir. Bir sözlə, dövlətimizin başçısının düşünülmüş iqtisadi siyasəti dünya ölkələrinin Azərbaycanın təbii qazına olan marağının və tələbatının təmin olunmasında mühüm rol oynayır.