İDMAN


“Bakı-2020” nümayəndə heyəti namizəd şəhərlərin seçiləcəyi Kvebek toplantısına yola düşmüşdür

Bakı, 21 may (AZƏRTAC). “Bakı-2020”nin yüksək səviyyəli nümayəndə heyəti Kanadanın Kvebek şəhərində dünya idman ictimaiyyəti və digər rəsmilərin iştirakı ilə keçiriləcək SportAccord beynəlxalq idman toplantısına yola düşmüşdür.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 23-də keçiriləcək toplantıda Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizədə hansı şəhərlərin rəsmi namizəd seçilməsini elan edəcəkdir.

Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibinə Baş nazirin birinci müavini, “Bakı-2020” Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və “Bakı-2020” Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva daxildirlər.

Kanadaya səfər ərəfəsində gənclər və idman naziri A.Rəhimov bildirmişdir: “Ümid edirəm ki, Bakı 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi üçün rəsmi namizəd şəhər statusu alacaqdır. Biz BOK-a güclü və layiqli namizəd olduğumuzu göstərən və peşəkar səviyyədə hazırlanan sifariş kitabını təqdim etmişik. Təqdim etdiyimiz kitabda Olimpiya Oyunlarının çevik, innovativ və kompakt təşkili planı əks olunmuşdur”.

Nazir qeyd etmişdir ki, biz beynəlxalq Olimpiya Hərəkatına sırf idman tələbatına əsaslanan oyunların təşkili modelini təklif edirik. Bu o deməkdir ki, bizim sifariş kitabımızda əks olunan olimpiya infrastrukturuna əsasən bütün idman müəssisələri Olimpiya Oyunlarından sonra da həm ölkəmizin, həm də, regionumuzun idmançılarının istifadəsində olacaqdır. Bizim təklif etdiyimiz model əslində Olimpiya Oyunlarına gələcək ev sahibləri üçün real və səmərəli investisiya nümunəsidir.

“Bakı-2020” Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva isə Kanadaya yola düşməzdən əvvəl bildirmişdir ki, Bakı idman üçün ideal iqlim şəraitinə, gözəl dənizkənarı buxtaya və zəngin tarixə malik şəhərdir. Hazırda bir sıra ölkələrin ciddi maliyyə böhranı ilə üzləşməsinə baxmayaraq, Azərbaycan dünyada ən stabil və sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Olimpiya Oyunlardan sonra Azərbaycana qalacaq idman infrastrukturu bir neçə nəsil idmançıların inkişafına böyük təkan verəcəkdir. Bizim Olimpiya Oyunlarına iddiamız Azərbaycanda hamı tərəfindən dəstəklənir. Ümid edirik ki, son yeddi ay ərzində bu məqsədlə gördüyümüz işlərin nəticəsi müsbət olacaq və 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi mübarizəsində Bakı növbəti mərhələyə keçəcəkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.