Tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi səhiyyənin inkişafı baxımından böyük əhəmiyyət daşıyır
Bakı, 4 sentyabr, AZƏRTAC
Səhiyyə sahəsində çalışan mütəxəssislərin sosial rifahının yaxşılaşdırılması və onların əməyinin layiqincə qiymətləndirilməsi səhiyyə sisteminin dayanıqlı inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Xüsusilə həkimlərin artan iş yükü və üzərlərinə düşən yüksək məsuliyyət nəzərə alınaraq, onların sosial müdafiəsinin gücləndirilməsi vacibdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, SSRİ-nin ilk antioksidant preparatı olan “Meksidol”un həmmüəllifi, tibb üzrə ekspert Aydın Əliyev deyib. O bildirib ki, hər bir sahədə çalışan mütəxəssislərin sosial vəziyyətinin yaxşılaşdırılması böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər xüsusi önəm daşıyır.
Aydın Əliyev qeyd edib ki, xüsusilə səhiyyə sektorunda çalışan tibb işçilərinin üzərinə böyük məsuliyyət və iş yükü düşür. Paytaxtda əhali sıxlığının artması tibb müəssisələrində xəstə axınının və iş gərginliyinin çoxalmasına səbəb olur. Bu da həkimlərin fiziki və mənəvi baxımdan gərgin rejimdə fəaliyyət göstərməsini şərtləndirir.
“Həkim hazırlığı yalnız ali təhsillə bitmir, magistratura, rezidentura və müxtəlif təkmilləşdirmə kursları ilə illərlə davam edir. Mütəxəssisin tam formalaşması üçün uzun illər tələb olunur. Bu baxımdan, həkimlərin əməkhaqlarının artırılması, TƏBİB tabeliyindəki tibb müəssisələrində, xüsusilə regionlarda çalışan tibb işçilərinin sosial təminatının gücləndirilməsi çox mühüm qərardır. Bu addımlar regionlarda kadr təminatının yaxşılaşdırılmasına da müsbət təsir göstərəcək”, - deyə dosent fikrini yekunlaşdırıb.