Bu il 203 şəhid ailəsi və 1360 məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
Xaçmaz, 31 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Özünüməşğulluq proqramı Prezident İlham Əliyevin tapşırığına əsasən icra olunur. Bu il ərzində 7 min 441 vətəndaş proqrama cəlb edilib. Onlardan 4 min 636 nəfəri artıq mal və materiallar formasında aktivlərlə təmin olunub. Həmin şəxslərin 1747 nəfəri əlilliyi olan, 432 nəfəri ünvanlı sosial yardım alan vətəndaşlardır. Proqrama cəlb olunanların 203-ü şəhid ailəsi, 1360 nəfəri isə məcburi köçkünlərdir. İlin sonuna kimi proqramın 10 minədək vətəndaşı əhatə etməsi nəzərdə tutulur. Gələn il isə bu göstərici iki dəfəyədək artırılacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Dövlət Məşğulluq Xidmətinin şöbə müdirinin müavini Fərid Həsənov məlumat verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kütləvi informasiya vasitələri əməkdaşları üçün Sumqayıt və Xaçmaza təşkil olunan mediatur zamanı jurnalistlərin suallarını cavablandıran F.Həsənov bildirib ki, proqramın icrasında əlilliyi olan şəxslərə, şəhid ailələri üzvlərinə, məcburi köçkünlərə, aztəminatlı ailələrin və digər həssas qrupların, tərkibində sağlamlıq imkanları məhdud uşaqlar olan ailələrin, çoxuşaqlı ailələrin üzvlərinə və digər həssas qruplardan olanlara üstünlük verilir.
“Aktivlər vətəndaşlara verildikdən sonra 2 il müddətində hər 3 aydan bir Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən monitorinqlər aparılır. Həmin vətəndaşların təsərrüfatlarına mütəmadi baxış keçirilir. Aztəminatlı ailələrin kiçik biznesə çıxışına və ailə gəlirlərini artırmalarına imkan yaradan özünüməşğulluq proqramının ildən-ilə genişləndirilməsi təmin edilir”, - deyə o qeyd edib.