CƏMİYYƏT
Dövlət Sərhəd Xidmətinin Akademiyasında faşizm üzərində Qələbənin ildönümü qeyd olunub
Bakı, 8 may, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında müharibə veteranlarının iştirakı ilə faşizm üzərində Qələbənin 72-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edənlər 1941-1945-ci illərdə Azərbaycandan 700 mindən çox insanın müharibədə iştirak etməsindən, onların 300 mininin döyüşlərdə həlak olmasından danışıblar. Qeyd olunub ki, göstərdikləri igidliyə görə 123 həmyerlimiz “Sovet İttifaqı Qəhrəmanı” adına, 170 min nəfər isə müxtəlif orden və medallara layiq görülüblər. Natiqlər azərbaycanlılardan ibarət milli diviziyaların Qafqazdan Berlinədək keçdiyi şanlı döyüş yolundan, arxa cəbhədə çalışan insanların rəşadətindən, Qələbənin əldə olunmasında Bakı neftinin misilsiz rolundan bəhs ediblər.
Çıxışlarda faşizm üzərində Qələbənin ölkəmizdə hər il yüksək səviyyədə qeyd olunduğu, veteranlara göstərilən diqqət və qayğının təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu, bu ənənənin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi xüsusi vurğulanıb. Yaxın zamanlarda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına və həmin ərazilərdə sərhədlərimizin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə olunub.
Sonda Böyük Vətən müharibəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.