REGİONLAR
Düşmən Ağcabədinin yaşayış məntəqələrini atəşə tutub FOTO
Ağcabədi, 30 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Oktyabrın 30-u səhər saatlarında Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri Ağcabədi rayonunun Hacılar kəndinə gedərək sakinlərlə həmsöhbət olub. Kənd sakini Elçin Abbasov bildirib ki, düşmənin artilleriya atəşi nəticəsində sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyir. Lakin bu sakinlərin əhval ruhiyyəsinə təsir etmir. Hər kəs ordumuza güvənir, qələbənin yaxında olacağına inanır: “Hər gün kəndimiz atəşə tutulur. Bu gün səhər atılan mərmilər mənim, qardaşımın, bacımın və qonşumuzun evinə ziyan vurub. Lakin kəndimizdə həyat öz axarı ilə davam edir. Hər kəs öz işindədir”.
Kamran İsmayılovun evinə və həyətinə bir neçə mərmi düşsə də o evini tərk etmir. “Bu günədək mənim həyətimə 3 mərmi düşüb. Səhər saatlarında mal-qaraya ot verən zaman kəndimiz yenə atəşə tutuldu. Mərmilərdən biri də mənim evimin üstünə düşərək partladı. Bütün bunlar ermənilərin vəhşiliyinin, barbarlığının göstəricisidir. Döyüş meydanında ordumuzun qarşısında tab gətirə bilmirlər. Əvəzinə dinc sakinləri atəşə tuturlar”, - deyə o qeyd edib.
Məhəbbət Abbasov isə deyib: “Bu gün səhər düşmənin atəşindən qardaşımın evinə də ziyan dəyib. Görürsünüz, mərmi həyətə düşüb, ev, yardımçı bina nə vəziyyətdədir. Çardaq aşıb, hasar uçub. Lakin düşmənin insanlığa sığmayan bu əməlləri bizi qorxutmur. Çünki biz öz torpağımızdayıq, kəndimizdəyik. Hər zaman ordumuzun arxasındayıq. Əgər ehtiyac olarsa mən də bu yaşımda düşmənə qarşı savaşa hazıram”.