REGİONLAR
Erməni terrorundan əziyyət çəkən UTECA tələbəsinin təhsil haqqı universitet hesabına ödəniləcək
Gəncə, 22 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru, professor Akif Süleymanov valideyn və tələbələri qəbul edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 10-a yaxın valideyn və tələbənin iştirakı ilə keçirilən qəbulda müraciətlər əsasən akademik borc, işlə təminat kimi məsələlərlə bağlı olub. Dinlənilən məsələlərin bir qisminin həlli üçün müvafiq göstərişlər verilib, bəzi məsələlər isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüb.
Qəbulda iştirak edən valideyn Ramiz Ağayev 2020-ci il oktyabrın 17-də Gəncədə törədilən erməni terrorunda evlərinin tamamilə dağıldığını, bütün ailə üzvlərinin yaralandığını, birinin isə şəhid olduğunu bildirərək, övladı, UTECA-nın dizayn ixtisasının 3-cü kurs tələbəsi Gülçin Ağayevanın təhsil haqqının universitet hesabına ödənilməsini xahiş edib.
Akif Süleymanov ermənilərin Gəncəyə raket hücumu zamanı dağıntılar altından xilas edilən UTECA tələbəsinin təhsil haqqının Azərbaycan Texnologiya Universitetinin daxili imkanları hesabına ödənilməsinə dair göstəriş verib.
Rektor bildirib ki, erməni terrorundan zərər çəkən ailələr dövlət qayğısı ilə əhatə olunublar. Texnologiya Universiteti də öz növbəsində erməni terrorundan əziyyət çəkən tələbəsinə hər zaman dəstək göstərməyə hazır olduğunu vurğulayan rektor, müraciətin təmin ediləcəyini bildirib.
Xatırladaq ki, Gülçin Ağayevanın ötən il də təhsil haqqı Azərbaycan Texnologiya Universitetinin daxili imkanları hesabına ödənilib. Gülçinin babası 78 yaşlı Nurəddin Ağayev Gəncə terrorunda şəhid olub.