CƏMİYYƏT


Macarıstanın Debresen Universitetinin nümayəndəsi Azərbaycan Tibb Universitetinin qonağı olub

Bakı, 21 oktyabr, AZƏRTAC

Macarıstanın Debresen Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Laszlo Erdey Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayevlə görüş zamanı L.Erdey təmsil etdiyi universitet haqqında geniş məlumat verib. O, qeyd edib ki, Debresen Universitetinin 27 min tələbəsi var: “Onlardan 5600 nəfəri xarici tələbələrdir. Debresendə 110-dan çox xarici ölkədən tələbə təhsil alır. Dörd fakültəsi olan universitetin 7 kampusu fəaliyyət göstərir. 500-dən çox araşdırma laboratoriyalarımız mövcuddur. 80-dən çox ingilis dilli proqramlarla işləyirik. 2 universitet, 2986 çarpayılıq universitet klinikalarımız var”.

Laszlo Erdey Debresen Universitetinin nəzdində iki klinikanın mövcud olduğunu da qeyd edib.

Orxan İsayev də qonağa Tibb Universitetinin tarixi, fəaliyyəti, təhsil-tədris sistemi haqqında geniş məlumat verib. O bildirib ki, gələn il 90 yaşını qeyd edəcək ATU ölkədə xarici tələbələrin sayına görə ön sıralardadır: “Universitetimizdə 30 xarici ölkədən 2000-ə yaxın tələbə təhsil alır. Xarici tələbələrin qeydiyyatı artıq elektron şəkildə, ikipilləli aparılır. Bir çox xarici ölkə universitetləri ilə mübadilə proqramı əsasında əməkdaşlıq edirik. Beş fakültəsi olan ATU-nun tibb şəhərciyi, 1700 yerlik 6 tələbə yataqxanası var”.

O.İsayev qonağa, həmçinin universitetin klinikaları - Tədris Stomatoloji, Onkoloji, Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikaları haqqında məlumat verib. Prorektor klinikaların son texnologiyalara uyğun müasir avadanlıqlarla təchiz olunduğunu, burada həmçinin tədris treninq mərkəzlərinin fəaliyyət göstərdiyini bildirib. Prorektor ali məktəbdə elektron mikroskop, farmakoloji laboratoriya, araşdırma laboratoriyalarının işindən də bəhs edib.

Görüşdə iki universitet arasında əməkdaşlığın istiqamətləri, gələcəkdə imzalanması planlaşdırılan ikitərəfli memorandumun şərtləri barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı Debresen Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Laszlo Erdey ATU-nun gələn il keçiriləcək 90 illik yubileyinə dəvət olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.