Britaniyalı nazir Starmerin rəhbərliyinə etiraz olaraq istefa verib
Bakı, 12 may, AZƏRTAC
Böyük Britaniyanın uşaqların müdafiəsi məsələləri üzrə naziri Cess Fillips Baş nazir Kir Starmerin rəhbərlik üslubuna etiraz əlaməti olaraq çərşənbə axşamı hökumətdən istefa verib.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, onun istefası hakim Leyboristlər Partiyasından olan 80-dən çox deputatın açıq şəkildə Kir Starmeri vəzifədən getmə vaxtını müəyyənləşdirməyə çağırması fonunda baş verib.
“Çəkişmələrə girməmək istəyi bizim nadir hallarda mübahisə etməyimizə gətirib çıxarır, nəticədə isə irəliləyiş üçün imkanlar dayanır və gecikir”, – deyə Fillips “Sky News”un ilk olaraq yaydığı sərt istefa məktubunda Starmerə müraciətlə bildirib.
“Mən leyborist hökumətinin işləməsini istəyirəm, lakin nə mənim, nə də ölkənin gözlədiyi dəyişiklikləri görürəm. Buna görə də hazırkı rəhbərlik dövründə nazir vəzifəsində qala bilmərəm”, – deyə o qeyd edib.
Fillips mayın 12-də istefa verən ikinci hökumət üzvü olub. Bundan əvvəl Böyük Britaniyanın mənzil tikintisi, icmalar və yerli özünüidarə məsələləri üzrə nazir müavini Miatta Fanbulle Starmerin siyasi kursu ilə razılaşmadığı üçün istefa verib.
Böyük Britaniyada siyasi böhran mayın 7-də keçirilmiş yerli özünüidarəetmə orqanlarına seçkilərdən sonra başlayıb. Seçkilərin nəticələrinə görə, hakim Leyboristlər Partiyası tarixdə ilk dəfə Uels parlamenti üzərində nəzarəti itirib. İngiltərənin müxtəlif qanunverici orqanlarında leyboristlərin təmsilçilərinin sayı əvvəlki göstərici ilə müqayisədə 1,4 min nəfər azalıb. Starmer seçkilərdəki uğursuzluğa görə məsuliyyəti üzərinə götürsə də, leyboristlərin lideri və Baş nazir postlarından getməkdən imtina edib.
Son sutka ərzində İcmalar Palatasında Starmerin istefasını tələb edən Leyboristlər Partiyasından olan deputatların sayı iki dəfədən çox artıb. Artıq 80 qanunverici hökumət başçısını açıq şəkildə vəzifəsini tərk etməyə çağırıb. Baş nazirdən narazı olan leyborist deputatlar hesab edirlər ki, Starmerin Dauninq-stritdə qalması 2029-cu ilin avqustundan gec olmayaraq keçirilməli olan növbəti ümumi seçkilərdə partiyanın mövqelərini zəiflədəcək. Ümumilikdə 650 yerlik İcmalar Palatasında leyborist fraksiyası 403 nəfərdən ibarətdir.