“Euronews” telekanalı Bakıda keçiriləcək WUF13 ilə bağlı xüsusi material hazırlayıb
London, 13 may, AZƏRTAC
“Euronews” telekanalı Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı xüsusi material hazırlayıb.
AZƏRTAC xəbər verir ki, “WUF13-ə gedən yol” adlı buraxılışda forum öncəsi hazırlıq işləri və təşkilati proseslərdən bəhs olunub.
Materialda qeyd olunur ki, Azərbaycan forum çərçivəsində infrastruktur, təhlükəsizlik və qonaq xidmətləri istiqamətində hazırlıqları davam etdirir. Bildirilir ki, tədbirdə 28 mindən çox iştirakçının və təxminən min media nümayəndəsinin iştirakı gözlənilir. Forum çərçivəsində 40 əsas sessiya və tərəfdaşların təşkil etdiyi 350 tədbir keçiriləcək və Bakı Olimpiya Stadionu iri konfrans məkanına çevriləcək.
Eyni zamanda, təkmilləşdirilmiş infrastruktur və nəqliyyat planlaması qonaqların müxtəlif məkanlar arasında rahat hərəkət etməsinə imkan verəcək. Bu məqsədlə avtobus zolaqlarının genişləndirilməsi və elektrik nəqliyyat vasitələrinin sayının artırılması nəzərdə tutulur. Təhlükəsizlik tədbirləri çərçivəsində polis nəzarəti və rəqəmsal monitorinq sistemləri gücləndirilir. Turizm qurumları isə iştirakçılar üçün Azərbaycanın mədəni irsini əks etdirən xüsusi turlar hazırlayır.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Substantiv Məzmun üzrə şöbə müdiri Cəmilə İsmayılzadə bildirib ki, əsas məqsəd bütün fəaliyyətlərin BMT standartlarına uyğun təşkil olunmasını təmin etməkdir.
“Bu forum Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə keçirilir. Prioritetlərimizdən biri region ölkələrinin fəal iştirakını təmin etmək idi”, – deyə o vurğulayıb.
WUF13 Azərbaycan Əməliyyat Şirkətində Kommunikasiya şöbəsinin müdir müavini Nərmin Abdullayeva isə qeyd edib ki, forum məkanında əsas sessiyalar, tərəfdaş tədbirləri, “Urban Expo” sərgisi, WUF13 bulvar zonası, eləcə də BMT qurumları, dövlət təşkilatları, media və iştirakçılar üçün xüsusi funksional zonalar yaradılacaq.