WUF13: Bakıda keçiriləcək forumun gözləntiləri və strateji əhəmiyyəti
Tbilisi, 12 may, AZƏRTAC
Son illər urbanizasiya dünyanın ən ciddi qlobal problemlərindən birinə çevrilib. BMT və bir sıra beynəlxalq təşkilatlar sürətli şəhərləşmənin yaratdığı sosial, iqtisadi və ekoloji çağırışlarla bağlı həyəcan təbili çalır, problemin həlli yollarını axtarırlar. Bu istiqamətdə fəal mövqe nümayiş etdirən ölkələrdən biri də Azərbaycandır.
Məlum olduğu kimi, mayın 17-22-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçiriləcək. Bu beynəlxalq tədbirin ölkəyə və regiona nə verəcəyi isə ictimaiyyətdə maraq doğuran əsas suallardandır.
İlk növbədə, qeyd edilməlidir ki, WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq arenada şəhərsalma və dayanıqlı inkişaf sahəsində mövqeyini daha da gücləndirəcək. Forum ölkə üçün yalnız nüfuz məsələsi deyil, həm də uzunmüddətli milli maraqlara xidmət edən mühüm strateji platformadır.
Artıq forum çərçivəsində xarici qonaqların iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsinə başlanılıb. Bu isə tədbirin real nəticələr verəcəyini indidən göstərir.
WUF13 həm Azərbaycan, həm region ölkələri, həm də bütövlükdə dünya üçün böyük əhəmiyyət daşıyır. Forumun qlobal önəmi ondan ibarətdir ki, WUF 2002-ci ildən etibarən BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan, adekvat mənzil təminatı və dayanıqlı şəhərsalma sahəsində fikir, bilik və təcrübə mübadiləsi üçün ən nüfuzlu beynəlxalq platformalardan biridir. Tədbir sürətli urbanizasiyanın şəhərlərə, iqtisadiyyata, iqlimə və sosial həyata təsirlərini müzakirə etmək məqsədi daşıyır.
Bu gün dünyada 4 milyarddan çox insan, yəni qlobal əhalinin yarıdan çoxu şəhərlərdə yaşayır. Hesablamalara görə, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə məskunlaşacaq. Bu isə urbanizasiya ilə bağlı beynəlxalq əməkdaşlığın və ortaq qərarların qəbulunu zəruri edir. Bakının artıq qlobal beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzlərdən birinə çevrilməsi də xüsusi vurğulanmalıdır. WUF13-ə ev sahibliyi etmək Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, ölkənin qlobal şəhər inkişafı məsələlərində fəal rol oynamaq potensialını nümayiş etdirəcək.
Forum Azərbaycana dünya şəhərsalma təcrübəsindən faydalanmaq imkanı yaradacaq. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə tətbiq edilən müasir şəhərsalma və “ağıllı şəhər” konsepsiyalarının beynəlxalq auditoriyaya təqdim edilməsi baxımından da mühüm platforma olacaq. Tədbirin iqtisadi və turizm baxımından da ciddi faydaları gözlənilir. Dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçının Bakıya gəlməsi turizm sektorunun inkişafına, xidmət sahələrinin genişlənməsinə və qeyri-neft iqtisadiyyatına əlavə töhfə verəcək. Bu, eyni zamanda, Bakının beynəlxalq turizm xəritəsində mövqeyini daha da gücləndirəcək.
Bakıda artıq uzun illərdir qlobal siyasi, iqtisadi, humanitar və iqlim məsələləri ilə bağlı beynəlxalq tədbirlər keçirilir. WUF13 də Azərbaycanın regionda dialoq və əməkdaşlıq platforması rolunu daha da möhkəmləndirəcək.
Forum region ölkələri üçün də xüsusi əhəmiyyət daşıyır. Bu gün Cənubi Qafqaz ölkələrinin hamısı urbanizasiya ilə bağlı ciddi problemlərlə üzləşir. Məsələn, Gürcüstanda da əhalinin böyük hissəsi Tbilisiyə axın edir. Oxşar proseslər Azərbaycanda da müşahidə olunur. Halbuki iqtisadi inkişaf yalnız iri şəhərlərin hesabına təmin edilə bilməz. Kənd təsərrüfatı və regionların inkişafı da iqtisadiyyatın əsas dayaqlarındandır.
Bu baxımdan, WUF13 region ölkələri üçün şəhərləşmə prosesinin idarə olunması, balanslı regional inkişafın təmin edilməsi və dayanıqlı şəhərsalma siyasətinin formalaşdırılması istiqamətində mühüm təcrübə və əməkdaşlıq platforması olacaq.