“NEFTÇİ”NİN BÜRÜNC MEDAL QAZANMASININ 40 İLLİYİNƏ HƏSR OLUNMUŞ XÜSUSİ BURAXILIŞ ÇAPDAN ÇIXMIŞDIR
AFFA-nın prezidenti Ramiz Mirzəyev buraxılışa ön sözündə qeyd edir ki, böyük tarixə malik “Neftçi” komandası SSRİ çempionatı keçirildiyi dövrdə ölkəmizi layiqincə təmsil etmiş, çoxsaylı futbol azarkeşlərinin sevimlisinə çevrilmişdir.
Bu il klubun çempionatda bürünc medal qazanmasından 40 il ötür. İdman həvəskarları yaxşı xatırlayırlar ki, SSRİ çempionatı dünyanın ən səviyyəli çempionatı hesab olunurdu. Bunu nəzərə alsaq, onda “Neftçi”nin qazandığı bürünc medalların dəyərinin həqiqətən də böyüklüyünə şübhə yeri qalmır.
Müstəqillik dövründə uğurlu çıxışını davam etdirən və ölkənin ən titullu komandalarından biri hesab olunan komanda beynəlxalq arenada da ölkəmizi layiqincə təmsil etmişdir. Xüsusi buraxılışda bu barədə geniş söz açılır. Bildirilir ki, “Neftçi”nin “Birlik kuboku”nu qazanması, Azərbaycanın futbol tarixində ilk dəfə Çempionlar Liqası kimi mötəbər turnirdə səfər oyununda rəqibini məğlubiyyətə uğratması bunun əyani sübutudur.
AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlunun məsul olduğu xüsusi buraxılışda İnna Banişevskayanın, Yaşar Babayevin, Valeri Hacıyevin, Sergey Kramarenkonun, Mübariz Zeynalovun, Kazbek Tuayevin xatirələri və bu hadisə münasibətilə mətbuatda dərc olunmuş materilallar, 1966-cı il SSRİ-i çempionatının turnir cədvəli və komandanın keçirdiyi bütün oyunlar haqqında statistika məlumatları yer almışdır.
Buraxılışda qeyd olunmuşdur ki, 1966-cı il çempionatında komanda bir çox uğurlara imza atmışdır. Həmin mövsümün çempionu Kiyev “Dinamo”suna qalib gəlmiş yeganə komanda olan “Neftçi” Ukrayna futbolunun flaqmanından sonra ən çox (altı) böyük hesablı qələbə qazanan klub idi. Hesabda geri qalıb, oyunun yekununda ən çox qələbə qazanan Əhməd Ələsgərovun yetirmələri “Kayrat”la birlikdə “Əzmkar qələbə” mükafatına da layiq görülmüşlər. 1966-cı il mövsümündə Kazbek Tuayev 14 qol vuraraq komandanın bombardiri olmuş, Anatoli Banışevski isə 12 dəfə fərqlənmişdir.
Hər iki futbolçu SSRİ-nin 33 ən yaxşı oyunçusu sırasında yer almış, Sergey Kramarenko isə yığmanın heyətinə cəlb edilmişdir.