MƏDƏNİYYƏT


PANTOMİMA TEATRININ SƏHNƏSİNDƏ NÜMAYİŞ ETDİRİLƏN “DULUSÇU” TAMAŞASI MARAQLA QARŞILANMIŞDIR

Bakı, 26 sentyabr (AZƏRTAC). Dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli Sərəncamına əsasən təşkil edilmiş Beynəlxalq musiqi festivalı uğurla davam edir.

AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da festival çərçivəsində Azərbaycan Dövlət Pantomima Teatrında “Dulusçu” tamaşası nümayiş etdirilmişdir.

Tamaşanın quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Qurban Məsimov, musiqi tərtibatçısı Elman Rəfiyevdir.

Tamaşanın nümayişindən əvvəl tamaşaçıları salamlayan Bəxtiyar Xanızadə bildirmişdir ki, teatrın yeni mövsümünün açılışı bizim üçün olduqca sevindiricidir. Ona görə ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə teatrımızın yerləşdiyi binanın birinci mərtəbəsi müasir səviyyədə təmir edilərək yaradıcı heyətin ixtiyarına verilmişdir. “Dulusçu” 2002-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Biz nə tövr iş görürük” adlı felyetonu əsasında səhnələşdirilmişdir və artıq 8 ildir Pantomima Teatrının repertuarında xüsusi yer tutur. Hazırda tamaşa bir qədər yeniləşdirilmişdir. Belə ki, dahi bəstəkarın felyetonunu yenidən oxuyaraq orada daha bir neçə məqamı tamaşaya əlavə etmək qərarına gəldik. İnanıram ki, bu tamaşa teatrsevərlərin ürəyincə olacaqdır.

Tamaşada əsas rolları Nargilə Qəribova, Elnur İsmayılov, Elman Rəfiyev, Səbinə Həsənova, Əflatun Abdullayev və başqaları ifa etmişlər.

Aktyorların böyük ustalıqla yaratdıqları obrazlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

“Üzeyir Hacibəyli-125” Beynəlxalq musiqi festivalına sentyabrın 28-də yekun vurulacaqdır.

######

 

 
 
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.