ABŞ və Azərbaycan arasında imzalanan xartiyanın ölkəmiz üçün çox böyük faydası var - AÇIQLAMA
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycan artıq qlobal siyasi proseslərdə nəinki iştirak edir, bu proseslərin fəal aktoru funksiyasını yerinə yetirməyə başlayıb. Regionda sülhün dayanıqlı olmasına, iqtisadi inkişafına, əməkdaşlığa çalışması beynəlxalq aləmdə böyük nüfuz sahibi olan ABŞ-ın diqqətindən yayınmır. Bu səviyyəyə Azərbaycan iqtisadi qüdrəti, hərbi gücü və ictimai-siyasi sabitliyi qoruyub saxlamaq bacarığı ilə çatıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə deyib.
Onun sözlərinə görə, ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” Azərbaycan–ABŞ münasibətlərinin siyasi, iqtisadi və təhlükəsizlik sahələrində genişlənməsini nəzərdə tutur.
“Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Cənubi Qafqazdan keçən nəqliyyat dəhlizləri və digər enerji marşrutları Avropanın müxtəlif mənbələrdən enerji asılılığını azaltmaq baxımından böyük əhəmiyyət daşıyır. ABŞ isə bu proseslərdə Azərbaycanı açar tərəfdaş kimi görür. Cey. Di. Vensin səfəri zamanı iki dövlət arasında imzalanan xartiya əlaqələri daha da yüksəldir. Avqust ayında Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ dövlət başçılarının görüşündə əldə olunmuş razılaşmaların davamı olaraq xartiyanın imzalanması Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açıldığını nümayiş etdirir. Məhz bu sənədlə amerikalıların investisiya və biznes maraqlarının qorunması, ticarətin genişləndirilməsi üçün hüquqi-siyasi çərçivə formalaşdırılır.
Xartiyanın Azərbaycan üçün çox böyük faydası var. Ölkənin beynəlxalq mövqeyi möhkəmlənir, təhlükəsizlik zəmanətləri güclənir. Regional münaqişələr kontekstində ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bu səfərdən sonra Azərbaycanın xarici siyasətdə balanslaşdırılmış mövqeyi daha da güclənəcək və regionun aparıcı dövləti statusunu qoruyub saxlayacaq”, - deyə akademik əlavə edib.