Məhəmməd Bayramov: “Şəhərsalma və Memarlıq İli” memarlıq irsimizin qorunmasına mühüm töhfə verəcək
Bakı, 12 fevral, Gülay Nəzərova, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin tarixi-mədəni irsinə, şəhərsalma ənənələrinə və memarlıq dəyərlərinə verilən yüksək diqqətin bariz nümunəsidir. Bu mühüm qərar şəhər mühitinin daha planlı və dayanıqlı şəkildə inkişaf etdirilməsini, eyni zamanda, milli memarlıq irsinin qorunaraq gələcək nəsillərə ötürülməsini hədəfləyir. Azərbaycan zəngin şəhərsalma tarixinə, çoxəsrlik memarlıq ənənələrinə və dəyərli tarixi abidələrə malik bir ölkədir. Ölkənin müxtəlif bölgələrində yerləşən memarlıq nümunələri yalnız daş və kərpicdən ibarət tikililər deyil, xalqımızın dünyagörüşünü, tarixi yaddaşını özündə yaşadan canlı irs nümunələridir.
Bunu AZƏRTAC-a açıqlamasında Naxçıvan Dövlət Universiteti Memarlıq kafedrasının müəllimi Məhəmməd Bayramov deyib.
O bildirib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tarixi abidələrin bərpası, mühafizəsi və elmi əsaslarla tədqiqi məsələlərinin ön plana çəkilməsi mühüm əhəmiyyət daşıyır. Bu il ərzində mədəni irsimizin yenidən canlandırılması məqsədilə genişmiqyaslı elmi konfransların, forumların, sərgilərin və dövlət səviyyəli tədbirlərin keçirilməsi memarlıq irsinin cəmiyyətə daha dərindən tanıdılmasına imkan yarada bilər.
“Azərbaycanın tarixi-memarlıq baxımından ən qiymətli bölgələrindən biri Naxçıvandır. Qədim tarixə malik bu diyar özünəməxsus memarlıq üslubu və konstruktiv həlləri ilə seçilir. Naxçıvan ərazisində yerləşən, dəyərli tarixi abidələr Naxçıvan memarlıq məktəbinə xas olan bədii-estetik xüsusiyyətləri, yüksək mühəndislik düşüncəsini və zəngin ornamentikasını bu günə qədər qoruyub saxlayıb”, - deyə M.Bayramov qeyd edib.
Onun sözlərinə görə, Naxçıvan bölgəsindəki tarixi abidələr təkcə regional deyil, ümumilikdə Azərbaycan memarlıq tarixinin inkişaf mərhələlərini öyrənmək baxımından olduqca əhəmiyyətlidir.