RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Kubanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 19 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Kuba Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyonun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq Kuba Prezidentinin Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfərini və onunla görüşünü məmnunluqla xatırladı, görüş zamanı əlaqələrimizin geniş gündəliyi ilə bağlı məhsuldar danışıqların aparıldığını bildirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanla Kubanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatında əməkdaşlığı ölkələrimizin bir-birini həmişə dəstəkləməsinin yaxşı nümunəsidir.

Dövlətimizin başçısı iqtisadi, mədəni, tibb, idman və digər sahələrdə ikitərəfli münasibətlərimizin inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğuladı və ənənəvi sahələrdən başqa, yeni sahələrin, investisiya imkanlarının müəyyənləşdirilməsinin də önəmini qeyd etdi. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən Karlos Enrike Valdes de la Konsepsyon, ilk növbədə, Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesin salamlarını dövlətimizin başçısına çatdırdı. Səfir qeyd etdi ki, Kuba Prezidenti dövlətimizin başçısı ilə Bakıda keçirdiyi görüşü və Azərbaycan Prezidentinin sədrliyi ilə Qoşulmama Hərəkatının Bakı sammitini məmnunluqla xatırlayır.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Kuba Prezidentinə çatdırmağı xahiş etdi.

Səfir ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrə əsaslanaraq iqtisadi, turizm və digər sahələrdə əməkdaşlığın genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin