RƏSMİ XRONİKA


QUZANLI OLİMPİYA İDMAN KOMPLEKSİNİN TƏMƏLİNİN QOYULMASI MƏRASİMİ

Martın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində Olimpiya İdman Kompleksinin təməlinin qoyulması mərasimi keçirildi.

Azərbaycan Prezidenti İlham Əliyev kompleksin tikiləcəyi əraziyə gəldi. İdman qurğusunun maketi və layihəsi ilə yaxından tanış olan dövlətimizin başçısına məlumat verildi ki, 2 hektar ərazini əhatə edəcək Olimpiya İdman Kompleksində müasir tələblərə cavab verən və olimpiya standartlarına uyğun salonlar, məşq otaqları, futbol, voleybol meydançaları olacaqdır. İki il ərzində tikintisi başa çatdırılacaq kompleksi Alıbəyli MMC şirkəti inşa edir.

Prezident İlham Əliyev tikinti işlərini yerinə yetirən şirkətin rəhbəri ilə söhbət etdi, müvafiq tövsiyə və tapşırıqlarını verdi. Dövlətimizin başçısı kompleksin keyfiyyətlə tikilməsinin, xarici görünüşünün də yüksək standartlara cavab verməsinin vacibliyini vurğuladı.

Sonra dövlətimizin başçısı tikintidə çalışan fəhlələrə yaxınlaşıb söhbət etdi, onlara yaradılmış şəraitlə maraqlandı, işlərində uğurlar arzuladı. Məlumat verildi ki, burada 120-dən çox fəhlə işləyir, ayda 200 manatdan çox maaş alırlar.

Prezident İlham Əliyev gilizi Olimpiya İdman Kompleksinin təməlinə atdı və ilk beton qarışığını tökdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin