REGİONLAR
Qazax rayonunda tütün yığımı davam edir
Qazax, 21 avqust, Rauf Hacıyev, AZƏRTAC
Qazax rayonunda son illərdə kənd təsərrüfatı məhsulları istehsalının artım dinamikası müşahidə edilir. Hazırda rayonda tütün yığımı həyata keçirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Prezident İlham Əliyevin kənd təsərrüfatının müxtəlif sahələrinin, eləcə də gəlirli sahə sayılan tütünçülüyün inkişafına dair verdiyi tapşırıqlara və qəbul edilən Dövlət Proqramına uyğun olaraq rayonda bu sahənin inkişafı üçün zəruri şərait yaradılıb.
Görülmüş tədbirlərin nəticəsidir ki, Qazaxda 2016-cı ildə 10 hektar, 2017-ci ildə 50 hektar, cari ildə isə 60 hektar tütün əkilərək yüksək aqrotexniki qulluq göstərilib və hər il gözlənildiyindən daha çox məhsul əldə edilib.
Bu il rayonun Kosalar kəndində 32 hektar, Qazaxbəyli kəndində 8 hektar, İkinci Şıxlı və Çaylı kəndlərində 1 hektar, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 hektar, Dəmirçilər kəndində 1,5 hektar, Cəfərli kəndində 2,5 hektar və Fərəhli kəndində 4 hektar sahədə tütün əkilib.
İndiyədək rayon tütünçüləri 115 ton yaş və 5,5 ton isə quru tütün tədarük ediblər. Yığılmış 2 tondan artıq məhsul “İlham-M” MMC-yə təhvil verilib. Tütünçülər dərimin vaxtında və itkisiz başa çatdırılması üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurudurlar.
Hazırda rayonun tütünçülük təsərrüfatlarında 150-dən çox kəndli çalışır.