İQTİSADİYYAT
Qazaxıstan öz neftinin nəqli üçün Azərbaycanın boru kəmərləri sistemini öyrənir
Bakı, 26 dekabr, AZƏRTAC
Qazaxıstan ortamüddətli perspektivdə karbohidrogen ehtiyatlarının gözlənilən artımı ilə əlaqədar yeni neft ixracı marşrutlarını öyrənir.
AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Kanat Bozumbayev “İnterfaks-Qazaxıstan” agentliyinə bildirib.
Nazirin sözlərinə görə, yeni marşrutlar Qazaxıstana 2023-2024-cü ildən tez lazım olmayacaq. Baxılan variantlardan biri Azərbaycan ərazisindən keçən boru kəmərləri və dəmir yolu daşımalarıdır. K.Bozumbayev deyib: “Biz hələ yalnız proqnoz balansını hesablamalıyıq - nə qədər hasil edəcəyik, haraya ixrac edəcəyik, Azərbaycan tərəfi hansı imkanlara malikdir. Gələcəkdə hansı tariflər ola bilər, onlar rəqabətlidirmi”. O əlavə edib ki, Azərbaycan karbohidrogenlərin nəqli üçün bir neçə variant təklif edə bilər. “Orada çox imkanlar var. Bakı-Supsa (Batumi limanınadək boru kəməri), Bakı-Tbilisi-Ceyhan (Türkiyənin Ceyhan limanınadək boru xətti), daha sonra dəmir yolu vasitəsilə bizim aşırma limanına nəql oluna bilər. İmkanlar çoxdur, məsələ tariflərin rəqabətqabiliyyətliliyindədir”, - deyə Kanat Bozumbayev sonda bildirib.
Dekabrda Bakı və Astana Qazaxıstan neft-qazının nəqli məsələləri üzrə iki işçi qrupunun yaradılması barədə razılığa gəliblər. Bundan əvvəl K.Bozumbayev qeyd etmişdi ki, işçi qrupu Qazaxıstan neftinin Azərbaycan vasitəsilə dünya bazarlarına nəqlinin rəqabətqabiliyyətliliyini öyrənəcək.